Gözəl qızın özəl cehizi

28 Mart 2016 15:17 (UTC+04:00)
Könül adlı bir qız vardı kəndimizdə, bir ara onun şirinliyindən bütün kənd danışırdı. Zalım qızının üzündə yaylaq havası vardı elə bil, baxanda adam dincəlirdi. Qəribə qızıydı, içində nə düşünür, bilmirsən, ancaq üzünə baxanda hiss edirsən ki, heç kəsi vecinə almır. Bəlkə ürəyində sevdiyi bir oğlan var, bilmirəm, çünki qadın bu qədər soyuqqanlı ola bilməzdi...

Nə qədər oğlanlar gəldi-getdi Könülgilin qapısının ağzından, çevrilib birinə də baxmadı, ağzını açıb güldən ağır bir söz də demədi. Hərdən kəndə gedəndə maraqlanırdım Könüllə. Ancaq başqaları kimi yox, gözü-könlü tox aparırdım özümü, guya, Könül kimi qızlar mənim üçün çox adiləşib, guya, belə qızlar yüzlərlədi Bakıda, çox görmüşəm... Guya, Türkiyədə, Rusiyada, Almaniyada, İsveçdə yatağıma saldığım ən çirkin qız Könüldən gözəl olub. Bu düşüncələrlə yeriyirdim kəndin yollarında. Ancaq bir sual beynimi arı kimi didirdi: Könül nəyə arxayındı belə? Gözəlliyinəmi? Gözəldi, əlbəttə! Görən bu qıza necə yaxınlaşım? Of, belə qadın görməmişəm həyatımda.

Könül bu kəndə hardan düşüb? Dünyanın çoxlu ölkələrində olmuşam, ancaq bu qədər gözəlin görməmişəm. Mənim Könülə verməyə pulum yox, ev ala bilmərəm ona, bəs neyləyim? Eşitdiyimə görə Könülün anası kəndin bir-iki arvadına danışırmış ki, qızıma cehiz verməyəcəm. Qızım gözəlliyi cehizdi elə, qızımı elə oğlana verəcəm ki, hazır evi, cehizi-zadı içində olsun. Anası bu fikirlərini nəylə əsaslandırırsa yaxşıdı? Özüm çox əziyyət görmüşəm, istəmirəm qızım da zülm çəksin, barı balam rahat yaşasın.

Könülün anası uşaqlarını atasız böyütmüşdü. Deyilənə görə əri üç uşağı atıb arvadın üstünə başını götürüb gedib, sonra xəbər-zad çıxmayıb. Ananın sözlərinə haqq verən kənd arvadları da vardı: bu gözəllik ki onda var dünyanın ən yaraşıqlı kişisinə getməlidir. Yoxsa bu gözəllik məhv olar kənddə. Bu gözəlliyi Bakıya aparmaq lazımdır. Lap yaxşı olar ki, İstanbula, Pekinə, Londona, Vaşinqtona getsin... Bu gözəllik bir gün də puldan korluq çəkməməlidi. Bu gözəllik elə bir kişinin evinə getməlidi ki, o evdə Könül əlini ağdan qaraya vurmasın - xüsusi xidmətçilər tutulmalıdı...

Könülün anası və onun fikirlərinə haqq verən kənd arvadları məni çox əsəbiləşdirirdi. Onların sözündən belə çıxır ki, bu qız ancaq o məsələdən ötrüdü. Fikirləşdim ki, nə hərləyirəm Könülü, nə çox qız, at bu sevdanın başını, oğlum, çıx get buralardan. Onsuz da Könülə dərin bir sevgi hissi də yoxdu içimdə. Sadəcə, gözəldi və bu gözəllik ona böyük bir eqoistlik hissi yaradıb. Bu da təbiidi. Bu cür tərbiyə olunub. Pis çıxmasın, uzağı üç-beş ilə olmayacaq bu gözəllik, dadlı yeməklər kimi tez də yeyilib qurtaracaq. Amma yox e, yox, Könül keçiləsi qız deyil, vallah, belə yekə-yekə danışmağıma baxmayın. Əladı e, əla!

Kənddə neçə oğlan o qızın üstündə bir- birini bıçaqlayıb, başlarına adam yığıb gecənin qaranlığında razborkalar eləyiblər. Bunların heç biri vecinə olmayıb Könülün. Qəti. Fikirləşdim ki, bu qədər oğlanlar bacarmayan yerdə mən nə eləyəcəm ki? Ona görə qayıtdım Bakıya, Könülü boş verdim. Bakıya gələndən sonra tez-tez bibimlə telefonla danışırdıq, hərdən Könülü soruşurdum. Deyirdim, verməyiblər ki? Könülün kimə getdiyini bilmək istəyirdim. Bütün məlumatları da bibimdən alırdım. Bir gün bibim nə desə yaxşıdı?

– Könül getdi

– Kimə?

– Böyük bir biznesmenin oğluna. Bir toy elədilər ki, gəl görəsən, camaatın ağzı açıq qalmışdı.

Bibimin bu sözünə çox pis oldum. Bibim yeddi-səkkiz ildir gedib ərə. Üç uşağı var. Əri fəhlədi. Kasıbçılıqla saxlayır ailəsini. Bu sözləri nə üçün dedim bibimin ailəsi haqqında, çünki bibim "Könül böyük bir biznesmenin oğluna getdi" sözünü o qədər iştahla və yağlı bir səslə dedi, hiss elədim ki, həsəd aparır. İçi bibim qarışıq, bunların hamısı sevgidən xəbərsiz adamlardı, insan hisslərindən anlamırlar... Nə deyəsən? Amma yanıb-töküldüm Könülə görə. Könül o gözəlliyi heç bir kişiyə qıymadı, o dodaqları, o yanaqları, o məmələri almağa heç bir kişinin gücü çatmadı, ancaq pul bacardı bunu. Anasının da rolu oldu bunda. Anası lap əvvəldən qızını bu cür yetişdirmişdi, onu sevgidən, təmiz hisslərdən uzaq tutmuşdu. Gözəl olmağına gözəl idi. Və bu gözəlliyi Allah vermişdi ona, anası isə satdı. Əslində, ananı da qınamıram. Başa düşürəm ki, çox əzablar çəkib və bu əzablar onda həyat haqqında yanlış düşüncələr formalaşdırıb, bu yanlış düşüncələrini də qızının həyatında tətbiq elədi.

Evin tək uşağı deyildi Könül. Özündən başqa bir bacısı, bir qardaşı vardı. Bacısı Könüldən qabaq getdi ərə. Anası yaxşı mal kimi axıra saxlayırdı Könülü. Kəndimizdə Qafar adlı bir oğlan Könülün arxasınca o qədər süründü, axırda yandığından Könülün bacısıyla evləndi. Uşaqları da var. Xoşbəxt dolanırlar. Könül isə belə, aradan heç bir il keçmədi.

Bu müddət ərzində mən bibimlə tez-tez kənddəki yeniliklər barədə, öləndən-qalandan danışırıq. Bir gün bibimdən məni təəccübləndirən bir xəbər də eşitdim.

– Nə danışırdsan, ay bibi?

– Vallah, hə...

– Nə vaxt olub?

– Heç bir həftə deyil

– Bəs niyə?

– Elə hamı mat-məətəl qalıb kənddə. Deyirlər, oğlan narkamanıymış. Hər gün döyürmüş qızı. Axırda atıb gedib, anası da qızını gətirib evinə.

Hə... Bu da Könülün və heç vaxt qədrini bilmədiyi gözəlliyinin sonu. Əslində, son deyil. Amma kəndə belə şeylərə "SON" kimi baxırlar. Deyirlər, gedib-qayıdan qız kimə lazımdı? Ya arvadı ölmüş birinə gedəcək, kiminsə uşaqlarını saxlayacaq, ya da Moskvadan Bakıya səfərə gələn kişilərin bir-iki aylıq arvadı olacaq, sonra yenə eyni şeylər...

Bir gün kəndə gedəndə maraq xətrinə Könülgilin qapısının ağzından keçdim, gördüm bir ayağını evlərinin divarına söykəyib ağlayır. İlahi nə günə qalıb qız, elə bil yeyib qurtarıblar, bir dəridi, bir sümük. Hər şey bir yana, göz yaşı qadına necə gözəl yaraşır, bunu ilk dəfə Könüldə gördüm... Könül elə qəşəng ağlayırdı ki...