Avropada ceyranların kütləvi şəkildə qorunduğu - Yeganə məkan
30 Mart 2016 11:37 (UTC+04:00)
Parkın direktor əvəzi Elşən Məcidov bildirib ki, 2003-cü ildə yaradılan Şirvan Milli Parkı ceyranların sayının davamlı artırılmasına imkan verir. Parkda ekoturizm mərkəzi, ekoturizm şəhərciyi və muzey yaradılıb, ən müasir avadanlıqla təchiz olunub. Ceyranların bəslənmə və artırılma bazası sayılan Şirvan Milli Parkının yaradılması və həyata keçirilən mühafizə tədbirləri nəticəsində bu nadir heyvanların sayı sürətlə artırılaraq 9 minə çatıb. Bu da Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Görülən tədbirlər ceyranların tarixi ərazilərdə reintroduksiyası üçün zəmin yaradıb.
Yayı quraq keçən, mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlimin hökm sürdüyü bu məkanda 70-ə yaxın daimi məskunlaşan 230 quş növünə rast gəlinir. Onlardan da 34-ü qorunur. Miqrasiya edən quşların əsas sığınacaq yeri olan Qızılqaz gölündə, eləcə də, parkın ərazisindən keçən kollektorda 10-dan çox balıq növünə də rast gəlmək mümkündür.
Bütün fəsillərdə göz oxşayan Şirvan yarımsəhrası baharda daha gözəl olur. Yaz fəslində zəngin bitki örtüyü Milli Parkda sanki ecazkar sənət əsəri yaradır. Ümumilikdə isə ərazidə olan 82 növ bitki örtüyü rəngarəngliyi ilə insanın ruhunu oxşayır.
Şirvan Milli Parkı palçıq vulkanları ilə də tanınır. Ümumi sahəsi 65 min hektardan çox olan parkın ərazisində marşrutlar yaradılarkən biomüxtəlifliyin qorunmasına xüsusi diqqət yetirilib. Marşrutlar turistlərin rahat və əhatəli şəkildə gəzməsini təmin etməklə, təbiətin yaratdıqlarına xətər vermədən, heyvanların daha az məskunlaşdığı yerlərdən salınıb.
Parka gələn turistlər burada suda-quruda yaşayanların 4, sürünənlərin isə 17 növü ilə də tanış ola bilərlər. Hətta dünyada nəsli kəsilmək təhlükəsi olan, nadir növ hesab edilən Aralıq dənizi tısbağası da Milli Parkda qorunan heyvanlar sırasındadır.
Azərtac.az


