İlqar Məmmədov azadlığa çıxa bilər

30 Mart 2016 15:03 (UTC+04:00)

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının üzvləri ilə görüşdə çıxışı zamanı Ə.Nuriyev deyib ki, İnsan Hüquqları üzrə İşçi Qrupun həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması üçün çalışması işi sürətləndirilib.

Əfv Komissiyasının üzvü təyin olduğunu xatırladan Ə.Nuriyev qeyd edib ki, hər zaman müzakirələrdə vətəndaş cəmiyyəti üzvlərinin azad olunması məsələsi qaldırılıb:

"Bütövlükdə vətəndaş cəmiyyəti bu prosesdə birgə iştirak elədi. Bu, dövlətlə vətəndaş cəmiyyəti arasında əlaqələrin sıxlaşdırılması, yeni əməkdaşlıq imkanlarına gətirib çıxaracaq. İlqar Məmmədov, Asif Yusiflinin azad olunması istiqamətində də əlimizdən gələni edirik. Yəqin, yaxın zamanda İlqar Məmmədovla bağlı məhkəmə prosesi keçiriləcək".

Koalisiya üzvlərinin hesablarından həbsin götürülməsi məsələsinə toxunan Ə.Nuriyev bildirib ki, məhkəmə qaydasında həbslərin götürülməsi ilə bağlı qərar var və hazırda texniki proseduralar həyata keçirilir:

"Cinayət işi və vergi sanksiyaları "İqtisadi Tədqiqatlar Mərkəzi"ndən Qubad İbadoğu və Qalib Bayramova, "Azad İqtisadiyyata Yardım" İB-nin rəhbəri Zöhrab İsmayıla, "Demokratik Təsisatlar və İnsan Hüquqları" İB-dən Elçin Abdullayevə və "Free Person" İnsan Hüquqları Müdafiə Cəmiyyətindən Səbuhi Qafarova qarşı olub və artıq aradan qaldırılıb.

Mirvari Qəhrəmanlı, Anar Orucov və Vüqar Bayramovun isə bank hesablarına həbs qoyulmuşdu, artıq bu da götürülüb". O, qrant layihələrinin qeydiyyatına başlanıldığını da söyləyib: "Donorlarla bağlı yeni qanunvericilik bəzi məsələlərlə əlaqədar prosedurları çətinləşdirib. Hazırda donorlarla bağlı məsələləri müzakirə edirik, irəliləyiş olacağı istisna deyil. Donorların Azərbaycanda qeydiyyatı istiqamətində Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında danışıqlar aparılır, sazişin imzalanmasının sürətlənməsinə doğru istiqamət gedir".

Hüquq müdafiəçisi Oqtay Güləliyevin sərhəddə yoxlanılmasının dayandırılması haqda qərara toxunan Ə.Nuriyev qeyd edib ki, barəsində şərti cəza müddəti başa çatmayan insanın ölkədən kənara çıxması qanunla yasaqlanır: "Məsələlərlə bağlı populist çıxışları doğru saymıram. Radikal yanaşmanı düzgün hesab etmirəm. Hazırda Oqtay bəyin övladları ilə bağlı məsələ ilə də məşğulam, nəticələr əldə etməyə çalışacağıq".

QHT rəhbəri vurğulayıb ki, sərhəddə 18 nəfərlə bağlı əlavə yoxlamalar birmənalı şəkildə aradan götürülüb.

Teleqraf.com