“Hərf tanımayan şagirdlər”in siyahısı gizli saxlanılır

30 Mart 2016 18:46 (UTC+04:00)


TQDK-nın təqdim etdiyi statistika bu gün məktəblərdə, xüsusən bölgədə yerləşən təhsil müəssisələrində şagirdlərə verilən təlim və təhsilin səviyyəsini şübhə altına alır.

TQDK-nın nümayəndəsi Nəsimi Kazımovun sözlərinə görə, Azərbaycanda keçirilən buraxılış imtahanlarında imtahan rəhbərlərinin protokollarında qeyd olunur ki, müsabiqədə iştirak edən şagirdlərin vərəqələrində olan özləri haqqında məlumat bölməsi tamamilə ağ qalıb. "Nəzarətçilər şagirlərdən nəyə görə özü haqqında məlumat bölməsini doldurmadıqlarını soruşduqda, onlar yaza bilmədiklərini deyiblər. Bu, xüsusən bölgə məktəblərində müşahidə olunub. Biz artıq həmin şagirdlər haqqında informasiyanı rayonların təhsil şöbələrinə göndərmişik", - deyə qurum rəsmisi bildirdi.

"Bəs, 11-ci sinif şagirdi adını belə yaza bilmədiyi halda 9-cu sinfin buraxılış imtahanından necə keçib?" - sualına həmsöhbətim bildirdi ki, onlar qurum olaraq yalnız imtahan keçirir və qiymətləndirmə edirlər, amma həmin şagirdin 10-cu sinfə keçməsi və ya 9-cu sinifdə qalması kimi məsələləri Təhsil Nazirliyi həyata keçirir.

Bir neçə rayon üzrə təhsil şöbələri ilə əlaqə saxlayıb adı "oxuyub-yaza bilməyənlər" siyahısında olan şagirdlərin kimliyi ilə maraqlanmaq istədik. Təhsil şöbələrindən bəziləri TQDK-dan heç bir məlumat almadıqlarını bildirdilər. Lənkəran rayon təhsil şöbəsinin nümayəndəsi onların rayonu üzrə 4 şagirdin adının qeyd olunduğunu təkzib etdi. Qurum rəsmisi Lənkəranda bu dərəcədə savadsız şagirdlərin olmadığını bildirdi.

Təhsil üzrə ekspertlər də məsələni birmənalı qarşılamayıblar. Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, TQDK-nın təqdim etdiyi siyahı absurddur: "Ümumilikdə bu məsələnin qoyuluşu yanlışdır. Biz qəbul prosesini izləsək, görərik ki, sənədləşdirmə onlayn şəraitdə həyata keçirilir. Oxuyub-yaza bilməyən şagird bu prosesi necə həyata keçirib ki, daha sonra imtahanda iştirak edib. Bundan başqa, imtahan vaxtı TQDK nümayəndələri olur ki, onların əsas işi cavabların doldurulmasına nəzarət etməklə yanaşı, şagirdin özü haqqında informasiya bölümünü də doldurmasını diqqətdə saxlamaqdan ibarətdir. Belə olan halda, necə ola bilər ki, şagirdin ad və soyad yazmadığı vərəq TQDK-ya ötürülüb. Bir də 11 il ərzində məktəbə gedən insanın oxuyub-yaza bilməməsi mümkünsüzdür", - deyə ekspert bildirdi.

Fəlsəfə doktorunun fikrincə, TQDK imtahanda heç bir suala cavab verməyən və ya bütün suallara səhv cavab verən şagirdləri oxuyub-yaza bilməyən adlandırır. Onun sözlərinə əsasən, "oxuyub-yaza bilməmək" ifadəsi Təhsil Haqqında Qanuna ziddir.

Təhsil eksperti Şahlar Əsgərovun fikrincə isə əgər biri kağızını ağ qoyub gedibsə, bu, o demək deyil ki, həmin şagird bilmir. "Onunla fərdi söhbət olunsa, o zaman məlum olar ki, o, həqiqətən, bilir, ya bilmir. Bunu bu formada bayraq etmək olmaz. 10-15 nəfərlə təhsil sisteminə kölgə salınmamalıdır. Düzdür, hazırda məktəblərdə təhsil alan şagirdlər arasında yazıb-oxumaqda çətinlik çəkənlər var. Amma bunun üçün təhsil sistemində müəyyən tədbirlər görülməlidir".

Təhsil Nazirliyindən aldığımız məlumata görə, onlar oxuyub-yaza bilməyən şagirdlərin adlarının siyahısını TQDK-dan istəsələr də adı çəkilən qurum bu siyahını hələ ki təqdim etməyib.

Azərbaycanda XX əsrin 30-cu illərində əhalinin yalnız 30 faizə qədəri oxuyub-yazmağı bacarırdı. Savadsızlığın ləğvinə həsr edilmiş intensiv tədbirlər nəticəsində əhalinin savadlılıq səviyyəsi 1959-cu ildə 97 faizə çatıb. 30 il ərzində savadsızlığın kütləvi olaraq azaldılması bir millət üçün olduqca əhəmiyyətli faktdır.

Statistika Komitəsinin rəqəmlərinə əsasən, 1989-cu ildə əhalinin 97.3 faizi, 1999-cu ildə 98.8 faizi, 2009-cu ildə 99.8 faizi oxuyub-yazma bacarığına malik olub. Başqa sözlə, Azərbaycanda az da olsa həmişə oxuyub-yaza bilməyən insanlar olub. Amma bu gün 10 milyon əhalisi olan Azərbaycanda 100 şagirdin oxuyub-yaza bilməməsini faciə kimi qəbul etmək düzgün deyil.

Doğrudur, ölkədə təhsil sahəsində bir çox ciddi problemlər mövcuddur və bu ciddi problemləri iki qurum – Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir-birinə "mehriban düşmən" münasibəti göstərməkdənsə, əl-ələ verib şagirdlərin savadlanmasına və yaranmış digər problemlərin aradan qaldırılmasına zaman sərf etsələr, daha məqsədəuyğun olar.

Anspress.com