Somalidə silahlı hücum - Ölənlər arasında həmyerlimiz də var

31 Mart 2016 09:38 (UTC+04:00)


AzNews.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 1 Türkiyə vətəndaşı, 1 azərbaycanlı və 1 somalili vəfat edib.
Yaralanalar isə xəstəxanaya çatdırılıb. Türkiyə Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.

XİN-dən verilən məlumata görə, yaralı Türkiyə vətəndaşlarının vəziyyətinə ölkənin Moqadişoda yerləşən səfirliyi tərəfindən nəzarət edilir.

Somali polisindən verilən məlumata görə, Moqadişoda məktəbdən qayıdan xidməti avtobusa naməlum şəxslər tərəfindən hücum edilib. Yaralı uşaqlar xəstəxanaya aparılıblar.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.

Aydan AXUNDOVA

***

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.

Hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. Bu barədə məlumatı APA-nın yerli bürosuna ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov "Turkish Airlines" şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimi olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.