Azərbaycanda dollar hansı həddə qədər ucuzlaşacaq? - Proqnoz

31 Mart 2016 16:13 (UTC+04:00)

Analitiklərin müşahidələrinə əsasən, son günlər Azərbaycan Mərkəzi Bankının (AMB) axşam saatlarında sabahkı gün üçün ictimaiyyətə açıqladığı dolların məzənnəsi adətən cari günün səhər saatlarında kommersiya banklarının satış məzənnəsinə yaxın olur.
"Qeyd edək ki, burada daha aktiv valyuta ticarəti aparan kommersiya bankları, əsasən "Zaminbank" ASC-nin satış göstəricisi nəzərdə tutulur. Hazırda bu bankda dolların satışı 1,5220 AZN/USD-yə bərabərdir. Böyük ehtimalla sabah, aprelin 1-nə rəsmi məzənnə də bu rəqəmə yaxın olacaq", - deyə analitiklər qeyd edir.

Ekspertlər gələn həftənin ilk günü, aprelin 4-də rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsində olacağını, kommersiya banklarının valyutadəyişmə şöbələrində isə dolların 1,49 AZN/USD ətrafında alınıb-satılacağını ehtimal edir.

"Dolların zəifləməsi prosesi önümüzdəki həftə də davam edərək 1,45 AZN/USD-yə qədər düşəcəyi istisna edilmir. AMB-nin məzənnənin 1,40 AZN/USD səviyyəsinə düşəcəyi təqdirdə müntəzəm keçirdiyi hərracların sayını 3-dən 2-yə və ya hətta 1-ə salması mümkündür. Dollarda daha sərt enmə olarsa, AMB-nin manat intervensiyasına başlaması mümkündür", - deyə analitiklər vurğulayıblar.

Yay aylarında Azərbaycana gələn turistlərin sayının artması və "Formula-1" yarışının izləyicilərinin ölkəyə gəlməsi nağd dolların bazardakı təklifini yüksəldəcək, bu isə öz növbəsində manatın möhkəmlənməsinə əlavə stimul verəcək.

Fins.az