Zəlzələnin dağıtdığı 57 kənd hələ də çadırda yaşayır

13 Noyabr 2012 06:18 (UTC+04:00)
Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində dağılmış kəndlərin əhalisinin böyük əksəriyyəti havanın kəskin soyumasına baxmayaraq hələ də çadırlarda yaşayır.

Bu barədə məlumatı Vərziğan şəhərinin İran parlamentindəki millət vəkili Allahverdi Dehqani verib. Millət vəkilinin sözlərinə görə, zəlzələdən zərər çəkən 57 kəndin əhalisi sığınacaq evlərlə təmin olunmayıb.

"Mehr" xəbər agentliyinin məlumatına görə, sığınacaq evlərlə təmin olunmayan kəndlərin 14-ü Vərziğan, 43-ü Xarvana bölgəsində yerləşir. Bu kəndlərin əhalisi hələ də çadırlarda məskunlaşıblar. "Onlara edilən yardım sadəcə çadırların verilməsindən ibarətdir" deyə deputat vurğulayıb.

Bu kəndlərin dağlıq ərazidə yerləşdiyini və ilk qardan sonra şəhərlə əlaqələrinin kəsiləcəyini deyən millət vəkili sakinlərə dərhal yardım göstərilməsinin vacib hesab edib.

Alpər Oğuz
AzNews.az