İlham Əliyev Çexiyanın Baş naziri ilə görüşdü

2 Aprel 2016 15:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd edib. Azərbaycan ilə Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Dövlət başçısı Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da deyib.

Çexiyanın Baş naziri Bohuslav Sobotka belə səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini deyib. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. Bohuslav Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Bohuslav Sobotka Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışıb.