“Torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir“ - İlham Əliyev

2 Aprel 2016 16:52 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır: "Bu işğal 20 ildən çoxdur ki, davam edir. Həmçinin beynəlxalq səviyyədə tanınan sərhədlərimizin bir hissəsi işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Amma bu qətnamələr kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm, bu qətnamələr Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin torpaqlarımızın işğalı 20 ildən çoxdur ki, davam edir".

Prezident İlham Əliyev vurğulayıb ki, əfsuslar olsun ki, Ermənistan işğal edilmiş əraziləri boşaltmaq üçün həmişə şərtlər irəli sürür: "Biz münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdirəcəyik. Lakin münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır".