Türkiyədə növbəti terror aktı - 6 hərbçi şəhid oldu

2 Aprel 2016 23:46 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən verdiyi məlumata görə, Mardinin Nusaybin rayonunda davam edən antiterror əməliyyatı zamanı 6 hərbçi şəhid düşüb. Məlumata görə, PKK terror təşkilatı üzvləri tələ kimi hazırladıqları bombanı partladıblar. Nəticədə 6 nəfər ölüb ki, onlardan da biri polisdir.

Partlayış təhlükəsizlik qüvvələri əməliyyat keçirilən bir binaya girən zaman baş verib. Bomba uzaqdan idarəetmə ilə partladılıb.

Türkiyənin şərq rayonlarında antiterror əməliyyatları bir neçə ay öncə başlayıb. Silahlı toqquşmaların ən çox yaşandığı yerlərdən biri də məhz Nusaybindir. Burada mart ayının 14-dən əhaliyə küçəyə çıxma yasağı qoyulub. Günlərlə davam edən əməliyyatlardan sonra təhlükəsizlik qüvvələri şəhərin mərkəzində açılan xəndəkləri bağlamağa, barikadaları yığışdırmağa başlayıblar.