Fransa prezidentindən - Qarabağ açıqlaması

3 Aprel 2016 09:36 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Olland işğal altında olan Dağlıq Qarabağda baş verənləri böyük təəssüf hissi ilə qarşıladığını bildirib.

"Yelisey" sarayının Fransa prezidenti Fransua Olland adına yaydığı rəsmi bəyanatda, "Prezident Dağlıq Qarabağda mülki vətəndaşların da olduğu bir çox insanın ölümünə səbəb olan insidenti böyük təəssüf hissi ilə qarşılayır." – deyilir.

Tərəfləri ölçülü hərəkət edərək ən yaxın vaxtda atəşkəsə dəvət edən Fransua Olland 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin "Yelisey" sarayında keçirdikləri görüşdə münaqişənin sülh yolu ilə həllini öz öhdələrinə götürdüklərini xatırladıb.

Xatırladaq ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılnış ATƏT-in Minsk qrupuna həmsədr olan 3 ölkədən biridir.

Ötən gün cəbhə bölgəsində baş verənləri şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələri fəaliyyətsizlikdə ittiham edib.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.