ŞOK! Azərbaycan Liqasında “qiyamət günü” oyun salınmadı

13 Noyabr 2012 08:36 (UTC+04:00)
Futbol üzrə Topaz Premyer Liqasında dekabrın 21-nə oyun təyin edilməyib. Lent.az-ın məlumatına görə, çempionatın təqvimində XVIII turun oyunlarının dekabrın 20-də və 22-də keçiriləcəyi göstərilib.

El arasında "qiyamət günü" kimi göstərilən 21 dekabra oyunun salınmaması müəyyən şübhələrə yol açıb. Ehtimal olunur ki, çempionatın təşkilatçısı Təşkilatçı Peşəkar Futbol Liqasının həmin gün hər hansı hadisənin baş verməsindən ehtiyatlanıb. Lakin PFL prezidenti Ramin Musayev Lent.az-a açıqlamasında narahatlığa heç bir əsasın olmadığını bildirib.

Onun sözlərinə görə, bu, tam təsadüfi bir haldır: "21 dekabra oyunun salınmaması dünyanın dağılacağı xəbərləri ilə bağlı deyil. Əlbəttə, hər şey Allahın əlindədir. Amma həmin gün oyunun olmaması sırf təsadüf ola bilər". Musayev, həmçinin dekabrın 21-də PFL əməkdaşları ilə jurnalistlər arasında yoldaşlıq görüşünün keçirilməsini təklif edib.

Qeyd edək ki, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində dekabrın 20-də "Sumqayıt" "Kəpəz"i, "Simurq" "Rəvan"ı, "Turan" "Qəbələ"ni, "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edəcək. Dekabrın 22-də isə "Neftçi" AZAL-ı, "İnter" "Bakı"nı qəbul edəcək. Bu oyunlardan sonra milli çempionatda fevralın 11-dək fasilə elan olunacaq.

AzNews.az