BMT-nin Qarabağ hesabatı - 33 ölü, 200 yaralı

4 Aprel 2016 13:48 (UTC+04:00)

AzNews.az Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, hesabatı BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi təqdim edib. Hesabata əsasən, 2 gün ərzində təmas xəttində erməni təxribatının qarşısının alınması nəticəsində hər 2 tərəfdən ümumilikdə 33 nəfər ölüb, 200-dən çox insan yaralanıb: "Azərbaycan və Ermənistan rəsmi mənbələrinin verdiyi məlumata əsasən, hərbi əməliyyatlar nəticəsində ən az 30 əsgər və 3 mülki vəətndaş ölüb. Həm mülki vətəndaşlar, həm də hərbçilər arasında yaralananların rəsmi sayı hələki açıqlanmayıb. Qeyri-rəsmi mənbələrə əsasən, 200-dən çox insan xəsarət alıb".

Hesabata görə, hərbi əməliyyatların təsir etdiyi kəndlərdə təxminən 14,4 min insan yaşayır.

Məlumat üçün bildirək ki, təmas xəttində gərginlik indi də qalmaqdadır.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, 3 gün ərzində Azərbaycan tərəfi 15 şəhid verib. Bir sıra dövlət başçıları rəsmi Bakı və İrəvanı münaqişəni dinc yolla həll etməyə çağırıb.

Müvafiq müraciətlə həmçinin, ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsi də çıxış ediblər.

Azərbaycan hökuməti isə Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq haqda qərar qəbul edib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək.

Aydan AXUNDOVA