Qarabağa döyüşə hazırlaşan redaktorlar: “Bəd ayaqda kamikadzelik edəcəyik”

4 Aprel 2016 14:31 (UTC+04:00)

Elə buna görədir ki, paytaxtdan eləcə də regionlardan cəbhə bölgəsinə kütləvi axın başlayıb. Hamı döyüşmək və ya əsgərlərimizə əlindən gələn yardım göstərməyə can atır.

Bəs, öz xəbərləriylə döyüşən, düşmənin informasiya müharibəsində öndə olan, cəbhədə baş verən hadisələri anbaan cəmiyyətə çatdırmaqla ruh yüksəkliyi yaradan Azərbaycan jurnalistlərindən kimlər Qarabağda döyüşmək istəyir?

AzNews.az bununla bağlı tanınmış media nümayəndələri arasında sorğu keçirib.


Müstəqil yazar Çingiz Sultansoy: "Hesab edirəm ki, jurnalist əlinə silah almamalıdır, onun silahı qələmidir. 1992-93-cü illərdə cəbhə bölgəsində hazırladığım verilişlər AzTV-də göstərilib. Bu verilişlərə görə Müdafiə Nazirliyinin mükafatını almışam".


"Müsavat.com" saytının redaktoru Xalid Kazımlı: "Ehtiyac olsa, çağıracaqlar. Qarabağda döyüşməyi istəyib-istəməməklə deyil, hərbi işə hazırlıqlı, qabiliyyətli olmaq əsas şərtdir. Mənim 50 yaşım var, amma fiziki göstəricilərim etibarilə 30-35 yaşlılarla ayaqlaşa bilərəm. Hər halda bəd ayaqda kamikadzeliyə yarayarıq".


"APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı: "Məncə, biz elə döyüşdəyik".


"Qafqazinfo.az" saytının baş redaktoru Elbrus Ərud: "Məncə indi bütün Azərbaycan kişiləri döyüşə hazırdır. Hətta qadınlarımız da. Nəzərə alsaq ki, hər kişi həyatında bir dəfə döyüşməlidir, deməli, bu, bizə düşən fürsətdir. Birmənalı olaraq hazıram".


"Lent.az" sayıtının redaktoru Səbuhi Məmmədli: "Mən sovet ordusunun, daha dəqiqi DTK-nin sərhəd qoşunlarında xidmət etmişəm. Əksər növ silahlardan istifadə edə bilirəm. Kartoqrafiyadan anlayışım var. Təbii buna söhbət ola bilməz"


"Korrespondent.az" saytının baş redaktoru: Aygün Muradxanlı: "Bu gün canında, qanında vətən hissi olan hər kəs döyüşür. Qəzetçilər də xəbər yaymaqla, milli ruhu yüksəltməklə Milli Ordunun yanındadır. Ürəyimiz cəbhə xəttindədir. Ən azı bu gün bölgədən dəqiq xəbərlər yazmaq üçün tam heyətdə cəbhə bölgəsinə köçməyə hazırıq. Savaşdısa, bu, hamımızın savaşıdır. Döyüşdə nə qədər yararlı olacağımı deməyə çətinlik çəkirəm. Amma yaralılara xidməti bacararam".


"Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı: "Mən elə hazırda cəbhə bölgəsindəyəm".


"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev: "Son günlər cəbhədə gərgin anlar yaşanır və sevindirici haldır ki, ordumuzun xeyli nailiyyətləri var. İşğal altında olan bir neçə əhəmiyyətli məntəqə düşməndən təmizlənib. Mən jurnalistəm. Üç gündür digər həmkarlarım kimi insanların informasiya ilə təminatına çalışırıq. Eyni zamanda ehtiyatda olan zabitəm. Zabit vəsiqəmdə qeyd olunur ki, Ali Baş Komandanın səfərbərlik haqqında əmrindən dərhal sonra qeydiyyatda olduğun və yaxınlıqdakı hərbi komissarlıqların birinə dərhal yaxınlaşmalısan. Azərbaycanda nizami ordu var. Əlbəttə, əgər Ali Baş Komandanın səfərbərlik haqqında əmri olarsa ordu sıralarına qatılmağa hazıram. Sevindirici haldır ki, tək mən belə düşünmürəm, bir neçə gündür müşahidələrim belə deməyə əsas verir ki, əli silah tutan bütün Azərbaycan vətəndaşları belə düşünür. Biz bir neçə jurnalist dünən axşam bu barədə danışmışıq, qələmi yerə qoyub silaha sarılmaq barədə müzakirələr aparmışıq".


"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov: "Tam səmimi deyirəm, nəinki döyüşmək, lap ölmək də istərdim. Guya ondan böyük məqsəd uğrunda öləcəyik ki?!"


Müstəqil jurnalist Babək Göyüş: "Qarabağda döyüşmək nəinki mənim, yaşı 18-dən yuxarı olan bütün Azərbaycan vətəndaşlarının mənəvi borcudur. Mən I Qarabağ savaşında Azərbaycan Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" qəzetində hərbi müxbir kimi demək olar ki, bütün cəbhə bölgələrində olmuşam, döyüş səhnələrindən reportajlar hazırlamışam. İndi də o missiyanı davam etdirmək istəyirəm. Ehtiyatda olan kapitan kimi hər an vətənimi qorumağa hazıram".


Müstəqil jurnalist Famil Cəfərli: "Qarabağda döyüşməyə tam hazıram. Sadəcə ehtiyatda olan zabit kimi əmrə tabeyəm. Dövlət, Ali Baş Komandan əmr versə, təbii ki, gedəcəm. Qaldı ki, məsələnin başqa tərəfinə, indi könüllülük zəmanəsi deyil. Güclü, nizami və peşəkar ordumuz var. Bütün Qarabağı azad etməyə bir neçə briqadamızın da gücü çatar".


Köşə yazarı Seymur Verdizadə: "Müharibəni dövlətlər aparırlar. Əgər Azərbaycan dövləti məni ordu sıralarına çağırsa, canla-başla vətən qarşısındakı borcumu yerinə yetirməyə hazıram. Qohumlarım, dostlarım və həmkarlarım əmin ola bilərlər ki, cəbhənin hansı bölgəsində xidmət etməyimdən asılı olmayaraq, həmişə onların üzünü ağ edəcəyəm".


Zaur Rəsulzadə: "Bəli, bura mənim vətənimdir. Mən hər an cəbhəyə getməyə hazıram".

Bahar RÜSTƏMLİ
AzNews.az