Rəqqas: “Xoreoqrafiya məktəbi “çirkin ördək” yetişdirir”
13 Noyabr 2012 10:34 (UTC+04:00)
Beynəlxalq müsabiqələr laureatı, rəqqas Şəhriyar Cəfərovun AzNews.az-a müsahibəsi
- Müsahibələrinizin birində Bakı Xoreoqrafiya məktəbində təhsil sisteminin düzgün aparılmaması ilə bağlı açıqlama vermisiniz... Bu nə dərəcə də obyektiv yanaşmadır?
- Bakı Xoreoqrafiya məktəbinin təhsil sistemi çox bərbad vəziyyətdədir. Əfsuslar olsun ki, bunu Mədəniyyət və Turizm Nazirliyi də görür, amma əncam çəkmir. Açığını deyim ki, heç gözləmirəm də. Məktəbin təhsil sisteminin belə vəziyyətə düşməsinə görə, bir başa direktoru ittiham etmək lazımdır. O, məktəbin direktoru kimdir? Gəlin ilk öncə ona baxaq: Nilufər Kərimova... Kimdir bu Nilufər xanım? O, ümumiyyətlə, xoreoqrafiya təhsili olmayan, bu sənətdən tamamilə uzaq bir insandır. Nilufər xanım ixtisasca pianoçudur.
- İxtisasca pianoçu olan bir adam xoreoqrafiya məktəbinə necə təyin edilib?
- Onu gərək, Mədəniyyət və Turizm Naziri desin. Nazirə və orada işləyən məmurlara Nilufər Kərimova kimi adamlar lazımdır. Çünki həmin məmurlar belə xanımların üzərində daha böyük hökmranlıq edə bilirlər. Nilufər xanım onların "diktofka"sı altında işləyir. Məhz bunun nəticəsidir ki, xoreoqrafiya məktəbində dərs deyən müəllimlərin səviyyəsi aşağıdır. Xoreoqrafiya tədrisə elə müəllimləri dəvət edir ki, nə cəmiyyətdə tanınır, nə də müəllimlik təhsili var. Tamamilə təhsildən uzaq insanlardır. Opera və Balet Teatrında işləyən balet artistləri bu gün xoreoqrafiya məktəbində müəllimlik edir. Qocaman bir-iki müəllim var. Hansılar ki, onlar öz təcrübəsi ilə peşəkardırlar. Əfsuslar olsun ki, belələri çox az sayda qalıblar. Bu gün xoreoqrafiya məktəbində milli rəqslər çox aşağı səviyyədə öyrədilir. Demək olar ki, milli rəqslərə yer ayrılmır. Düşünün, böyük bir xoreoqrafiya məktəbində milli rəqsləri deyən bircə müəllim var. O, da xalq artisti Yusif Qasımov. Niyə Nilufər xanım o boyda xoreoqrafiya məktəbində bircə müəllimlə kifayətlənir? Bu il həmin məktəbdə hesabat konserti oldu. Orada mən də iştirak edirdim. Konsertdə təqdim olunan ifalara baxınca dayana bilmədim. Nilufər xanıma sual verdim ki, hesabat konsertində milli rəqslər niyə gözə dəymir?
- Cavabı nə oldu?
- Nə olacaq? O, da qayıtdı ki, bu məktəb balet yetişdirir. Yəni, milli rəqslər ikinci dərəcəlidir. Nilufər xanım bir şeyi unudur. Bu da onun təhsili olmamağından irəli gəlir.
- Nəyi unudur?
- Xoreoqrafiya məktəbinin iki şöbəsi var. Orada həm milli rəqslər, həm də klassik şöbə var. Əgər klassik şöbədə 15-ə yaxın bir müəllim varsa, bu eynilə milli rəqslərdə də olmalıdır. Amma o şöbədə dərs alanlar məcburiyyət qarşısında bir müəllimlə kifayətlənir. Hansı ki, o, həm Dövlət Rəqs Ansambılında çalışır, həm də müəllim işləyir. Bu insan bir əldə iki qarpız tutur. Həmin insan özünü bir işə necə verə bilər? Dövlət Rəqs Ansambılını idarə etmək, həm də xoreoqrafiya məktəbində dərs keçmək... Bu mümkündürmü? Bunun da nəticəsi sonda xoreoqrafiya məktəbinə və Dövlət Rəqs Ansambılına dəyir. Məktəbin məzunlarının səviyyəsi sıfırdır. Bu gün xoreoqrafiya məktəbində Azərbaycan folklor sənəti tədris olunmur. Bu faciə deyilmi? Məktəbdə "İrsi" dərs deyilən fənn var. Amma o dərs çoxdandır ki, tədris olunmur. Çox təəssüflər olsun ki, xoreoqrafiya məktəbinin məzunları Əlibaba Abdullayev adında adam tanımırlar? Niyə? Onun Azərbaycan milli rəqs sənətində yaratdığı nümunələrdən heç biri həmin məktəbdə tədris olunmur? Tədris olunan rəqslər də nöqsanlı şəkildədir, baş geyimləri yoxdur, musiqi tərtibatı düzgün qurulmayıb, milli kalaritlərdən əsər-əlamət gözə dəymir. Belə məzunlar kimə lazımdır? Qoy bu sualın cavabını Mədəniyyət və Turizm Nazirliyinin məmurları versin. Bir ölkədə ki, Xanlar Bəşirov, Qorxmaz Qurbanov, Kamil Dadaşov kimi sənətkarlar kənara atılıb, daha nə gözləmək olar? Düzdür, bunlar yaşına görə dərs deyə bilməz. Amma sənətkardırlar, ustad dərsləri keçə bilərlər. Tələbələrlə görüş keçirsinlər ki, cavan kadrlar onlardan nəsə götürə bilsinlər. Ona görə bugünkü gənclər başqa xalqların milli rəqslərini mənimsəyir.
- Məsələn?
- Gürcü, hind nə bilim ərəb. Onlar necə oynayırsa, gənclər də onu götürməyə çalışır. Yəni, başqa xalqların "kapirofkası". Bu da bizim milli rəqslərə yad olan ünsürlərdir. Klassika da həmçinin, tədris prosesi zəif müəllimlərin əlindədir. Onları başqa ölkələrə təkmilləşdirmə kurslarına göndərmək olar. Ya da xarici ölkələrdən müəllimlər dəvət olunsun. Ağzımızı açanda Azərbaycanın dövlətli bir xalq olduğunu deyirik. Əgər imkanımız varsa, o zaman Mədəniyyət və Turizm Nazirliyinin məmurları hara baxır? Buyursunlar, xarici ölkələrdən müəllimlər dəvət eləsinlər, onları burada evlə təmin etsinlər ki, keyfiyyətli dərs verə bilsinlər. Amma Mədəniyyət və Turizm Nazirliyi bunu etmək istəmir. Gəlin bir anlığa da olsa xoreoqrafiya məktəbinin binasına baxaq. O binaya baxanda Əbülfəs Qarayevin fikri aydın görsənir.
- Fikrinizi bir qədər aşıq ifadə edə bilərsiniz?
- Onlar açıq şəkildə xoreoqrafiya məktəbini bağlamaq istəyirlər.
- Bunu nəylə əsaslandırmaq olar?
- Hələ uzun illər bundan əvvəl xoreoqrafiya məktəbinin yanında Tədris Teatrının özülü qoyulmuş bina vardı. Onlar bu binanın inşasını davam etdirmək, yəni tikmək əvəzinə, həmin sahəni məmurlara satdılar. Xoreoqrafiya Tədris Teatrının yerində böyük bir yaşayış binası tikildi. Heç kim zəmanət verə bilməz ki, xoreoqrafiya məktəbinin də binası teatrın binası kimi satılmayacaq. Burada siyasət var. Yəni, fikrin kökü aydındır. Opera və Balet Teatrı təmirə dayanır. Təmirdən sonra nə olacaq? Mədəniyyət və Turizm Nazirliyi xoreoqrafiya məktəbində klassik bölümü götürüb, Opera və Balet Teatrına birləşdirəcək. Məktəb operanın binasında bir studiya kimi fəaliyyətini davam etdirəcək. Yəni Opera və Balet Teatrının nəzdində balet studiyası... Necə ki, 20-ci illərdə vardı. Milli rəqslər şöbəsini isə ümumiyyətlə, bağlayacaqlar. Deyəcəklər ki, yetərincə özfəaliyyət dərnəkləri var. Əgər onlar bu addımı atsalar milli rəqsləri tamamilə sıradan çıxaracaqlar. Xoreoqrafiyanın binası 1986-cı ildə açılıb. Amma bu günə kimi təmirə dayanmayıb.
- Deyilənə görə, Nilufər Kərimova məktəbə imkanlı uşaqları götürür?
- Təəssüflər olsun ki, biz belə söhbətləri ancaq danışırıq. Amma əslində, faktla çıxış etməliyik. Amma o məktəbə qəbul olunan uşaqların hansı yollarla ora düşməsinin cavabı var. Bu nədir? Qəbula baxmaq. Ora elə uşaqlar qəbul olunur ki, görəndə dəhşətə gəlirsən. Gözləri çəp, onurğa sütunu əyri, başdan-ayağa sağlamlıq problemi yaşayan, rəqs sənətinə aid istedadı olmayan uşaqlar... Məzuniyyətə çıxanda da qalırsan belə. Bu insanlar ora necə qəbul olunur? Hara baxır bu direktor? Onlara diplom necə verilib? Dövlət səni havayı oxudub ki, ona nəsə verəsən, Azərbayacanı təmsil edəsən. Amma sən nə yetişdirirsən? "Urod". Sən Azərbaycana "çirkin ördək"" xoreoqraf verirsən. Bundan başqa heç nə yetişdirə bilmirsən. Çünki təhsilin yoxdur.
- Mədəniyyət və Turizm Nazirliyi belə xoreoqrafları hesabat konsertində görmür?
- Yox. Əgər nazirlik onların hesabat konsertinə gəlib baxsa, o qəbulda nələrin baş verməsini anlayar və gözü ilə görər. Nazir bizə düşmən kimi baxır. Amma o, bilməlidir ki, bu sənətin davamçılarından biri də mənəm. Hesabat konserti nədir? Nəticə... Nəticəsi də çox zəifdir. Bunun problemi ya müəllimlərdə, ya qəbulda, ya da Nilufər xanımın yaradıcı siyasətinin düzgün aparmamasındadır. Milli rəqslər zəifləyir, quruluşlar məhv olur. Nazirliyə kim sərf edir? Nilufər. Baxın orada bədii rəhbər kimdir? Tamilla Şirəliyeva. O, da eyni ilə Yusif Qasımov kimi. Bir əldə iki qarpız tutur. Opera və Balet Teatrında baletmestr, həm də xoreoqrafiyada bədii rəhbər... Bu iki işdə necə işləyir? Bunu Mədəniyyət və Turizm naziri görmür?
Yaxşı sənətkarlardır, amma nə olsun, Azərbaycanın gələcəyi üçün kadr yetişdirməyə gücü və həvəsi qalmayıb. Buradan nə hiss olunur? Deməli, Nilufər xanımla Yusif Qasımovun arasında bir sözləşmə var- "Mən uşaqları sənə verəcəm, gör neyləyirsən". Yusif müəllim ancaq texniki tələbə yetişdirə bilər. O, tələbələrə ruh, ürək vermir. Onlara ruh vermək üçün gərək Əlibaba Məmmədovun rəqslərini tədris edəsən. Bundan da Nilufər xanımın başı çıxmır.
Bahar Rüstəmli
AzNews.az