Cəbhədə yaralananlara ilkin tibbi yardım necə edilməlidir? - Bunları bilmək vacibdir
5 Aprel 2016 14:18 (UTC+04:00)
Düşmənlə mübarizədə Azərbaycan ordusunun əsgərləri işğal olunmuş ərazilərimizin bir hissəsində nəzarəti bərpa edə bilib, dünən gecə isə strateji əhəmiyyətli Madagiz bölgəsində ermənilərə məxsus hərbi baza ordumuz tərəfindən darmadağın edilib.
Lakin Ermənistan tərəfi Azərbaycanın cəbhəyanı bölgələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Artıq kəndlərə atılan mərmilər nəticəsində 5 dinc sakin həlak olub, xeyli sayda yaralı var.
Bəs belə olduğu halda Təcili Tibbi Yardım gələnə kimi yaralıya ilkin müdaxilə necə edilməlidir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla AzNews.az-a açıqlamasında bildirib ki, qanaxmanı dayandırmaq və yaralını şokdan çıxarmağın yollarını bilməklə onu xilas etmək mümkündür: "Azərbaycan Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi keçib. Həmin müharibələrin bizdə kifayət qədər təcrübəsi var. Neçə güdür ki, artıq cəhbədə müharibə alovu yaşanır. Kifayət qədər yaralananlar var. Müharəbə deyəndə güllə yarası, qəlbə yarası, yüksək qanaxma, şoka düşmək kimi əlamətlər göz önünə gəlir. İndi hər evdə xəstəyə ilk yardım göstərilməsindən xəbərdardırlar. Təcili Tibbi Yardım çatana kimi qanaxmanı dayandırmaq, şokdan çıxarmağın yollarını bilmək yaralı şəxsi xilas etməyə kifayət edər".
A.Qeybulla cəbhədə yaralanan əsgərlərə ilkin yardım haqda da danışıb. Onun sözlərinə görə, yaralanan hərbçilər ilk yardım göstərildikdən sonra ixtisaslaşdırılmış yardım üzrə evakuasiya olunur: "Bu, Böyük Vətən Müharibəsində artıq təcrübədən keçmiş sistem idi. Hazırda isə bu məsələ daha da təkmilləşib. Yaralananlar damarında zədələnmə, ağır kəllə beyin travması alıbsa, həmin səxslər müfaviq nöqtələrə evakuasiya olunmalıdır. Ondan sonra xəstə hərbi qostitala, ya da rayon xəstəxanalarına gətirilir. Hazırda sovet dövründən fərqli olaraq evakuasiyanın daha çevik, erkən olaraq lazımi ünvanlara çatdırılması üçün layihələr işlənilib hazırlanıb".
Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi də yaşayış məntəqələrimizin Ermənistan tərəfindən atəşə tutulması ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb. Müdafiə Naziri Zakir Həsənov isə qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.
Bahar RÜSTƏMLİ
AzNews.az