Uşaqlar arasında intihar halları artıb - Rəsmi

6 Aprel 2016 13:34 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, 18-35 yaşlı insanlar arasında intihar hallarına daha çox rast gəlinir. Bunun səbəblərinin müxtəlif olduğunu deyən K. Talıbova qeyd edib ki, bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problem daxildir: "İntihara cəhd halları qadınlar arasında üstünlük təşkil edir. Gələcəkdə mərkəzin nəzdində Suisidoloji mərkəzin yaradılması nəzərdə tutulub. Burada intihara cəhd halları və səbəbləri araşdırılacaq".

K. Talıbova əlavə edib ki, ötən illərlə müqayisədə keçən il Azərbaycanda intihar halları cüzi də olsa artıb. 2013-cü ildə bu göstərici 415 idisə, 2015-ci ildə bu rəqəm 535 nəfərə çatıb. Statistikadan kənar qalan faktlar da olur ki, bura cinayət faktorları aiddir. Uşaqlar arasında intihar hallarının statistik göstəricilərindən danışan şöbə müdiri qeyd edib ki, 2013-cü ildə 18 belə hal baş vermişdisə, keçən il bu rəqəm 29 olub.

APA.az