3 min erməni - Dağlıq Qarabağdan qaçdı

6 Aprel 2016 13:45 (UTC+04:00)

Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi Zaru Amatuni bildirib.

"Dağlıq Qarabağın 3 minə yaxın sakini evlərini tərk edib"

Onun sözlərinə görə, Dağlıq Qarabağda yardım və digər ehtiyacların miqyası böyükdür. Hələ də kömək üçün müraciətlər davam edir. İlkin hesablamalara görə, Dağlıq Qarabağın 3 minə yaxın sakini evlərini tərk edib.

"Təşkilatımız tez-tez səhiyyə sistemində olan şəxslərlə əlaqə saxlayır. Ötən gün Xankəndi xəstəxanasına yaralılar üçün tibb dəstləri - dərman və sarğı materialları göndərmişik. Hazırda həm də evlərini tərk etdikləri üçün yaşayış yerinə ehtiyacı olan ailələrlə işləyirik. İndiyədək BQXK-nin 15 əməkdaşı Dağlıq Qarabağa göndərilib. Amma zərurət yaranarsa, təşkilat daha çox əməkdaşı verməyə hazırdır", - deyə Zaru Amatuni qeyd edib.


Zaru Amatuni - BQXK-nin nümayəndəsi

Aprelin 2-nə keçən gecədən bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Ermənilərin qərargahları məhv edilib.

Döyüşlərdə ermənilərə məxsus tanklar, artilleriya qurğuları və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin hərbi qulluqçuları da şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Cəbhə xəttində baş verən hadisələrdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər bu əraziləri tərk etməyə başlayıblar. Bunu hətta ermənilər özləri, təmas xəttində olan jurnalistlər də etiraf ediblər.

Əhali təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən Xankəndiyə köçüb. Bəziləri isə hətta İrəvana belə getməyə hazırlaşdıqlarını deyib.

anspress.com