Gül bayramı ilə bağlı yekun qərar açıqlandı - Rəsmi

11 Aprel 2016 13:56 (UTC+04:00)

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib.

Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar.

Əlavə məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 050-211-23-72, 070-211-23-72, 012-440-15-34 nömrəli telefonları ilə əlaqə saxlamaq xahiş olunur.

Azərtac