Ermənistanın “ölü hərbçi siyasəti” - Cəsədlər ortaya niyə bir-bir çıxarılır?

12 Aprel 2016 17:49 (UTC+04:00)

Atəşkəs bərpa olunduqdan sonra isə Ermənistan Müdafiə Nazirliyi hər gün bir neçə hərbçinin öldüyü ilə bağlı məlumat yayır, lakin məlumatlarda hərbçilərin ölüm səbəbləri müxtəlif göstərilir. Hərbçilərin ölüm səbəbi kimi ya silahla ehtiyatsız davranmadan başından qüllə yarası aldıqları, ya da avtomobilin idarəetmə qaydalarını pozduğuna görə 2 maşın arasında qalaraq əzilib öldüyü göstərilir.
Dördgünlük müharibədən məğlub olmuş tərəf kimi çıxmış bir ölkədə hər gün "ehtiyatsızlıqlar" üzündən ölmüş hərbçilərlə bağlı məlumat yayılması isə şübhə yaradır.


Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Ermənistanın təkcə son dövrlərdə yox, 22 illik atəşkəs zamanında cəbhənin müxtəlif istiqamətlərində baş verən toqquşmalar zamanı itkilərinin cəmiyyətə çatdırılmasının fərqli bir siyasətini tapdığını bildirib.



Millət vəkilinin sözlərinə görə, bu fərqli "siyasəti" bir neçə formada xarakterizə etmək olar: "Birinci növbədə görünür ki, Qarabağdakı soyuducular qida sənayesi üçün nəzərdə tutulmayıb. Nə qədər qəribə də görünsə, orada ayrı-ayrı cəsədləri saxlayırlar. Həmin cəsədləri tədricən cəmiyyətə çıxarırlar ki, ictimaiyyət içərisində şok effekti yaratmasın və hakimiyyətin hansısa səngərdə, yaxud hərbi mövqedə zərbə aldığı, məğlub olduğu mənzərəsi yaratmasın. Buna görə də soyuducular erməni hərbi sisteminin ayrılmaz bir atributudur".

Millət vəkili bildirib ki, Tərtər istiqamətində atışmalarda həyatını itirən ermənini yol gedərkən ehtiyatsız davranma, maşın qəzasında ölmə, silahla ehtiyatsız davranma və ya hansısa təlimin yerinə yetirilməsi vaxtı onun başına gələn bir hadisə kimi qələmə verirlər: "Bu hesabla ermənilər xeyli adamlarını hesabdan siliblər. Görünür ki, onların saxta ordusunun maliyyə-uçot sistemiylə bərabər, bu hesablamaların üzərində işləyənlər də sovet mühasibatçılarıdır. Dağlıq Qarabağın saxta rejiminin mətbuat xidmətinin rəhbəri ölənləri hissə-hissə dövriyyəyə çıxarır. Lakin hamıya bəllidir ki, həmin şəxslər 4 günlük müharibə nəticəsində ölənlərdir".

Millət vəkili bildirib ki, Ermənistan tərəfindən açıqlanan siyahıya Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə həyata keçirilən cəsədlərin mübadiləsi zamanı qarşı tərəfə verilən hərbçiləri də əlavə etdikdə məlum olur ki, ölü sayı 80-i ötüb:



"Azərbaycan tərəfi ermənilərə böyük zərbə vurduğunu deyərkən ümumi hərbi texniki müşahidələr vasitəsilə təxmini hesablamalar nəzərə alınır. Radioinformasiyalar, kəşfiyyat məlumatları da burada mötəbərliyə şübhə yeri yaratmır. Bəs nə üçün cəmiyyətə yüzlərlə ölüm deyil, yalnız məhdud say göstərilir? Bunun mühüm sirri ondadır ki, erməni tərəfdən açıqlanan rəsmi siyahıda kənardan gətirilərək orada yaşayanların adı yoxdur. Bu muzdlular ön cəbhənin zirehini təşkil edirlər və onlar ölərkən arxasınca anası-bacısı ağlamır. Bu zaman belə mənzərə yaranır ki, yəqin say çox deyil".

Zahir Oruc qeyd edib ki, bundan sonrakı dövrdə bizim üçün başlıca məsələ ermənilərə vurulmuş zərbənin təkcə say itkiləri ilə qalmamasını təmin etmək, onların məruz qaldığı mənəvi-psixoloji basqını artırmaqdır:



"Yəni bu məğlubiyyət hissinin sadə vətəndaşlar tərəfindən və səngərdə dayananlar vasitəsilə də qəbul olunmasıdır. Ona görə də, bundan sonra Qarabağda, yaxud Ermənistanın prezident adminstrasiyasında "ölü siyasəti"ni nə cür quracaqları haqda qoy onlar fikirləşsinlər.

Bizim üçün başlıca məqsəd hər bir insanımızı qoruyub-saxlamaqdır. Kimsə Qarabağ yolunda həyatını itirəcəksə, o da bu millətin fəxr və qürur yerinə çevriləcək".

Aydan AXUNDOVA