Əməkdar artist teatrdan üzr istədi – Tamada aktyor qalmaqalı

13 Aprel 2016 16:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, buna səbəb onun 26.10.2015 tarixində "AzDrama" ilə nazir müavini arasında qalmaqal: "Bu ağzı söz tutmayan..." başlıqlı yazıda sözügedən teatrın kollektinin ünvanına aşağalıyıcı ifadələr işlətməsidir.

Redaksiyamıza zəng edən aktyor Əli Nurun sözlərinə görə, həmin ifadələrə görə, Şuşa Teatrının direktoru Yadigar Muradov onu məhkəməyə verib: "Sabah növbəti məhkəmə prosesidir. Bununla bağlı Şuşa teatrında iclas keçirilib. Mən həmin iclasda onların ünvanına işlətdiyim ifadələrə görə, bütün kollektivdən üzr istədim".

Qeyd edək ki, 2015-ci il oktyabrın 30-da Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbir keçirilmişdi. Yubileydə vaxtilə "AzDrama"nın repertuarında olan B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasından Şuşa teatrının aktyorları parçalar oynamışdı.

Əməkdar artist Əli Nur isə bununla bağlı açıqlama verərək, bunu həm B.Vahabzadəyə, həm də "AzDrama"nın bədii rəhbər və yaradıcı kollektivinə qarşı hörmətsizlik kimi dəyərləndirmişdi: "Şuşa teatrının aktyorları "AzDrama"nın aktyorlarının paltarını geyinib səhnəyə çıxacaq. Bu ağzı söz tutmayan, toylarda oxuyub, tamadalıq edən gülünc aktyorların ifası Bəxtiyar Vahabzadəyə hörmətsizlikdir. Həmin tamaşanın 30-a kimi aktyor heyəti var, hamısı sağ-salamatdır. Nurəddin Mehdixanlı, Ramiz Məlik, Hacı İsmayıl, Məleykə Əsədova, Sənubər İsgəndərli, Laləzar İsmayılova, Rafiq Əzimov və s. Güclü aktyor truppası ola-ola səhnəyə tamada aktyor çıxır. Bunu nazir müavini Ədalət Vəliyev edib".

Bahar RÜSTƏMLİ
AzNews.az