“Filmə baxıb hicab taxırlar”

14 Aprel 2016 14:13 (UTC+04:00)

O fikrini belə əsaslandırıb ki, dindarların sayının artmasından bəzi ekstremist qruplar istifadə edir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Gündüz İsmayılovun açıqlamasına şərh verib.

Deputat Modern.az saytına açıqlamasında deyib ki, dindarların sayının artmasının kütləvi problemlərə gətirib çıxaracağına inanmır.

"Azərbaycan dünyəvi dövlətdir. Konstitusiyada da göstərilir ki, din dövlətdən ayrıdır. Təbii ki, ayrı-ayrı dövlətlər istəyir ki, din pərdəsi altında özlərinin nümayəndələrini Azərbaycana yerləşdirsinlər. Bəzi qüvvələr bu və ya digər formada onlardan istifadə etməyə çalışırlar. Lakin bunun heç bir təsiri yoxdur. Çünki Azərbaycan xalqı həm öz ənənələrinə, həm də dininə sadiqdir. Azərbaycandakı İslam modeli ən düzgün modeldir. Bu, bütün dünyaya örnək ola biləcək səviyyədədir".

Komitə sədri bildirib ki, bəzi insanları dinə gəlmək metodu fərqlidir.


"Ola bilər ki, kimsə hansısa filmə baxıb hicab taxmağa üstünlük verir. Ya da kimsə başqa-başqa formaları seçir. Elələri də var ki, dini ekstremizmlə məşğul olur. Buna baxmayaraq Azərbaycanda İslam dini ən düzgün formada inkişaf edir.

Həm Qafqaz Müsəlmanları İdarəsi, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerlərdə maarifləndirmə işləri aparır. Bu da təbliğatın düzgün aparılmasına xidmət edəcək".

Siyavuş Novruzovun fikrincə, ən düzgün yol Qurani-Kərimdəki müddəalara əməl etməkdir.

Modern.az