Baş daşlarını sındıran şəxs tutuldu - Astarada

14 Aprel 2016 16:30 (UTC+04:00)

Saxlanılan şəxs rayonunun Şiyəkəran kəndindəki qəbristanlıqda ölülərə qoyulmuş baş daşlarına qənim kəsilib. İki dəfə məhkumluq həyatı yaşayan bu şəxs hadisəni içkili vəziyyətdə törədib. Maraqlıdır ki, 46 yaşlı kənd sakini Firidun Eynəli oğlu Babayevin bu əcaib əməli barədə Astara polisinə elə öz ailəsi məlumat verib.

Qəbristanlıqda 20-yə qədər mərmər başdaşı sındırılaraq yararsız vəziyyətə gətirilib. Ən pisi də budur ki,sındırılan başdaşlarının əksəriyyəti dünyasını vaxtsız tərk edənlərindir.


Astara rayonunun Şiyəkəran kənd qəbristanlığı

Astara polisi bu əməli törədəni axtarmaq üçün çox da uzağa getməli olmayıb. İçkili vəziyyətdə olan kişinin qəbir daşlarını sındırmasından ilk olaraq Firidunun həyat yoldaşı xəbər tutub və oğlunu köməyə çağıraraq ərini ordan uzaqlaşdırıb. Polisi də elə evdəkilər məlumatlandırıb.

Müstəntiq Elvin Əzimzadənin sözlərinə görə, ilkin istintaq zamanı dindirilmiş şahidlər Firidun Babayevin əməli törətməsini təsdiq edib. "Hal-hazırda o tərəfimizdən şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir".

Bu Firidunun 3-cü məhkumluq həyatı olacaq. Bundan əvvəl o qətl hadisəsi törətdiyinə və narkotiklərin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkumluq həyatı yaşayıb.

Baş daşı sındırılan məzar


anspress.com