Gülər Əhmədova məhkəmədən yenə yayınıb

14 Noyabr 2012 17:03 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi davam edib.

AzNews.az mia.az-a istinadən bildirir ki, əsas şahid hesab olunan keçmiş deputat Gülər Əhmədovanın məhkəmə iclasına bu dəfə də gəlməməsi Əvəz Zeynallının narazılığına səbəb olub.

O bildirib ki, Gülər Əhmədovanın ifadəsi əsasında bir ildən artıqdır ki, həbsdədir. Əvəz Zeynalının dediyinə görə, Gülər Əhmədova bir dəfə məhkəmədə ifadə versə də, onun və müdafiəçilərinin suallarını cavablandırmadan zalda qalmaqal yaradaraq çıxıb gedib.

Məlumata görə, Əvəz Zeynallı məhkəmədə şahidlərdən kimin gəlib, kimin gəlmədiyini soruşub. Hakim R.Allahverdiyeva isə cavabında bunları bildirib: "Ötən dəfə elan elədik, Aydın Heydərov xəstədir, Gülər Əhmədova da həmçinin məhkəmə iclasına gələ bilmir. Bizə daxil olmuş telefonoqramda göstərilib ki, Gülər Əhmədova stress vəziyyətindədir".

Hakimin bu fikri qarşısında Əvəz Zeynallı: "O telefonoqramın bir surətini də bizə verin" - deyə hakimə müraciət edib. Məhkəmə hakimi isə, məhkəmə prosesini tez bitirmək üçün "Gəlmədi də, biz nə edək, evdən deyirlər xəstədir" – deyə bildirib.

Hakimin bu sözü də Əvəz Zeynallını qane etməyib.

"Hər gün istintaq təcridxanasından gözümün qabağında dustaqları yüksək şəkərlə məhkəməyə gətirirlər. Gülər Əhmədova hətta həkim arayışı da göndərə bilmir məhkəməyə. Çünki heç bir həkim ona arayış vermir. Üç dəfə elan elədi ki, insult keçirib, mətbuat araşdırdı, məlum oldu ki, yalan danışır" – deyə hiddətini gizlədə bilməyib.

AzNews.az