Moskvada olay - Səfirliyimizin əməkdaşı döyüldü (Video + Yenilənib)

16 Aprel 2016 12:35 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada polis idarəsinə Azərbaycan konsulluğunun əməkdaşına hücum edildiyi barədə məlumat daxil olub.

Məlumata əsasən, münaqişə taksi sürücüsü ilə sərnişin arasında baş verib. Zərərçəkmiş şəxs Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edib.

Konyuşkovski küçəsində maşından düşərək əlbəyaxa dava edən 2 nəfəri yaxınlıqdan keçən maşınların sürücüləri ayırıb. Hadisə yerinə polis və təcili tibbi yardım maşını çağırılıb.

Zərərçəkmişin sözlərinə görə, sürücü ilə dava hələ yol gedərkən başlayıb, daha sonra isə küçədə əlbəyaxa davaya qədər böyüyüb.



Aydan AXUNDOVA

09:36
***
"Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb".

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin APA-ya açıqlamasında bildirilir.

Qeyd olunur ki, E. Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.

12:35
***
13:17

Moskvada Azərbaycan səfirliyinin əməkdaşına hücum edən şəxs saxlanılıb.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hücumdan bir neçə saat sonra həmin şəxsin kimliyi müəyyən olunub və o, saxlanılaraq polis idarəsinə aparılıb. Məlumata görə, səfirliyin əməkdaşına güc tətbiq edən şəxs 31 yaşlı Xeybulla Hacıyevdir.

Hüquq-mühafizə orqanlarının irəli sürdüyü ehtimala əsasən, onlar arasında dava taksidə baş verib. Baş və bədən nahiyələrindən çox saylı zərbələr alan səfirlik əməkdaşı xəstəxanaya çatdırılıb.

Tibb mərkəzindən verilən məlumata görə, zərərçəkmişə beyin silkələnməsi, dodaq və qaşın partlaması diaqnozları qoyulub. Həmçinin dava zamanı zərərçəkmişin ön dişlərindən biri düşüb.