Tərtər atəşkəsdən sonra - Fotolar

18 Aprel 2016 10:24 (UTC+04:00)

Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi, "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrası uğurla davam etdirilir. Şəhərinin H.Əliyev prospektinə, F.Qulami, Ş.Qurbanov. R.Mürsəlov, E.Hüseynov küçələrinə, həmçinin Tərtərdən Şıxarx qəsəbəsinə gedən yola asfalt-beton örtüyü salınır. Şəhərdə çoxmərtəbəli yaşayış binalarının fasadları və daxili hissələri suvanıb rənglənir.

Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın salınması üçün hazırlıq işləri aparılır. Artıq parkın salınacağı ərazi təmizlənib, hamarlanıb, buradan keçən yüksək gərginlikli elektrik xətti ərazidən kənarlaşdırılıb.

Rayonda ekoloji tarazlığın qorunması da diqqət mərkəzindədir. Tərtər-Bərdə, Tərtər-Ağdam və Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, şəhərin prospekt və küçələrində müxtəlif növ ağac, gül və bəzək kolları əkilir.

Tərtərdə əhalinin əhvali-ruhiyyəsi və döyüş əzmi yüksəkdir. Cəbhə zonasında yaşayan tərtərlilər Azərbaycan Ordusuna güvənərək, gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olur, doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər.

Azərtac.az