Gənc nəsil niyə yaza bilmir? – Yazarlar arasında daha bir qalmaqal

18 Aprel 2016 15:34 (UTC+04:00)

Tənqidçi Əsəd Cahangir son 20 ilin ədəbi nəsri haqqında geniş məqalə yazıb. Məqalədə dövrün bir çox yazarları barədə sərt tənqidi fikirlər səslənib, onların artıq tükənməsi, yaza bilməməsi kimi ittihamlar yer alıb:

"Bu gün postmodernizmin təxrisi başlayıb. İndi postmodernizm bədii mətnlərdən daha çox, Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud, Əli Əkbər və qeyrilərinin milli mentallığı tənqid edən köşə yazılarında meydana çıxır. Neçə ildən bəri aramsız təkrar olunan usandırıcı mövzular üzündən "çevir tatı, vur tatı"ya çevrilən bu yazılar postmodernizmdən daha çox nihilizm təsiri bağışlayır. Başqalarını deyə bilmərəm, amma mən - ədəbiyyat tənqidçisi (!) artıq neçə illərdir ki (!!) bu yazıları oxumuram (!!!) və oxuculara da bu topdancəfəngiyyata vaxt ayırmamağı məsləhət görürəm. Çünki siyasi müxalifət kimi ədəbi müxalifət də özünün hər yeni jesti ilə ancaq heç nəyə yaramadığını nümayiş etdirir. Bu gün yeni nəsil ədəbiyyatı sanki özünün ölülər dönəmini, qətl gününü yaşayır. Aqşinin "Göləqarğısancan"ında yeni nəsil ədəbiyyatı gəbərib ölür".

Haqqında səslənən tənqidlərlə bağlı AzNews.az-a açıqlama verən tanınmış şair Aqşin Yenisey isə bunları deyib:

"İki şeir, iki nəsr kitabım var, Azərbaycanda Əsəd Cahangirdən başqa bütün oxucular mənim imzamı bu kitablardakı yazılarımla tanıyır, qonorar xətrinə mediada yazdığım gündəlik mövzularla yox. Əsəd nə üçün ədəbiyyatı gündəlik qəzet köşələrində axtarır? 30 ildir o nə işlə məşğuldur? Öz peşəsinə bu qədər qeyri-peşəkar yanaşan adamın ədəbi tənqidi ilə bizim qəzet köşələri arasında nə fərq var? Qaldı ki, "Göləqarğısancan"dakı Leş Əli obrazına bu adam mənim üçün Azərbaycanda bir dövrün, epoxanın başa çatdığını göstərən bir simvoldur. 70 illik sovet mədəniyyəti özünün siyasəti, ədəbiyyatı, musiqisi, təhsili, Əsədi, Cahangiri ilə birlikdə sonda Leş Əli ilə nəticələndi. Ölü mal-qaranın ətini uşaq bağçalarına, fəhlə yeməkxanalarına satıb ailəsini dolandıran, heç bir dini-ideoloji imanı qalmayan bir insanla. Məncə, Leş Əli müasir ədəbiyyatımız üçün daha dərin mövzular verə bilər, nəinki Əsədin bu trafaret yazıları".