Əcnəbilər üçün viza sadələşdirildi - Sərəncam

18 Aprel 2016 19:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamla müəyyən edilir:

Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

- Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu;
- Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd.

Bu sərəncamda göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etməlidirlər.

Xarici İşlər Nazirliyinə tapşırılır:

- Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

- Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.