Xaricdə təhsilin ləğv olunmasının sirri nədir?

19 Aprel 2016 09:56 (UTC+04:00)

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

Xaricdə təhsilalmanın 2015-ci il üçün təhlilinə nəzər saldıqda məlum olur ki, dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrindəki 1000-ə yaxın azərbaycanlı tələbədən təqribən 700 nəfəri Türkiyədə, 180 şəxs Rusiyada, 50-yə yaxın şəxs Misirdə, 20-yə yaxın şəxs Çində, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya və Malayziyada təhsil alırlar. Bu tələbələrin yarıdan çoxu magistratura, aspirantura, kliniki ordinatura, doktorantura və digər diplomdansonrakı proqramlar üzrə təhsil alanlardır. Azərbaycan gəncləri həmçinin respublikada fəaliyyət göstərən müxtəlif təhsil mübadilə proqramları çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrdə də təhsil alırlar.

Dövlət Proqramının əsas hədəflərində Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi dururdu.

Dövlət Proqramının maliyyələşdirməsinə gəlincə, onun icrasında Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalardan, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımlarından, kreditlərindən və qrantlarından, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələrindən və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna biləcəyi qeyd edilirdi.

Bəxtiyar Hacıyev: "Bu qərarı doğru hesab edirəm"

Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev dövlət proqramında nəzərdə tutulan dəyişikliyi müsbət qiymətləndirib. Onun sözlərinə görə Xaricdə Təhsil Proqramının neft gəlirləri hesabına həyata keçirilməsi çox az sayda atılan ağıllı addımlardan və sərmayələrdən biri idi. "Arada bir illik fasilə olması məni məyus etdi və əslində bu olmamalı idi. Proqramda 5 min tələbənin təhsil alması nəzərdə tutulmuşdu. Amma hələlik 3500 tələbə bu proqram çərçivəsində maliyyələşdirilib. Amma magistr və ya PHD səviyyəsində daha çox mütəxəssisin maliyyələşməsi uğurlu addımdır. Çünki bakalavr səviyyəsində bir tələbə 4 il maliyyələşir. Magistratura səviyyəsində isə 1 il, bəzi ölkələrdə 2 il müddətinə oxuyacaq. Yəni bir tələbənin bakalavr səviyyəsində 4 il oxuyaraq maliyyələşməsindənsə, 4 tələbənin bir illik magistratura səviyyəsində təhsil almasına eyni vəsait ayrılaraq daha faydalı ola bilər. İkincisi, bakalavr səviyyəsində təhsil alan tələbə hələ hədəfləri, xəyalları və gələcəyi ilə bağlı aydın təsəvvürə malik olmur. Magistratura səviyyəsində təhsil almaq istəyən isə artıq bakalavr mərhələsini uğurla başa vurmuş və xaricdə oxuyaraq biliklərini daha da genişləndirmək istəyir. Bu baxımdan, qərarı doğru hesab edirəm" - deyə B.Hacıyev bildirib.

Onun sözlərinə görə, tələbələrin xaricə göndərilməsi və sayının azaldılmaması ilə yanaşı, xaricdən də mütəxəssislərin cəlb edilməsi, Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin qaldırılması da yaxşı olardı.

Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin bir çox hallarda Azərbaycana qayıtmaması, qayıtsa belə, burada iş tapmaqda çətinlik çəkməsi ilə bağlı da zaman-zaman mətbuatda yazılar yer alıb. Bəxtiyar Hacıyevin sözlərinə görə, əvvəlcə proqramda dövlət təqaüdü almış tələbələrin mütləq Azərbaycana qayıtmalı olduğu və 5 il müddətində dövlətin təyin etdiyi işdə çalışması tələb kimi nəzərdə tutulmuşdu. "Ancaq nə mütləq Azərbaycana qayıtmalı olduğu barədə tələbə, nə də işlə təminatla bağlı şərtə əməl edilmir. Yəni kim istəyirsə xaricdə qalır, orada iş tapır. Bu məsələdə boşluqlar oldu və proqramın nəzərtdə tutduğu tələblərlə nəticələr arasında uyğunsuzluq yarandı".

Xaricdə təhsil proqramını araşdıran təşkilatlardan biri də İqtisadi Tədqiqatlar Mərkəzidir (İTM). Təşkilatın rəhbəri Qalib Toğrul deyib ki, nazirliyin bu addımını onlar 5 il öncə təklif ediblər: "Xaricdə təhsillə bağlı Dövlət Proqramının monitorinqindən və xarici təcrübəni öyrəndikdən sonra bu təklifi hələ 2011-ci ildə vermişdik. Təklifimizi onunla əsaslandırmışdıq ki, təhsilin bu pilləsinə sərf olunan xərc yüksəkdir, eyni zamanda həmin pillədə qazanılan biliklər sonrakı - magistr, PHD səviyyələri ilə müqayisədə daha az yararlıdır. Keçmiş Sovet İttifaqı məkanında ilk dəfə (1993-cü il) xaricdə təhsillə bağlı proqram hazırlamış və onu uğurla həyata keçirmiş Qazaxıstanın "Bolaşak" proqramı hələ 2011-ci ildən xaricə bakalavr göndərməyi dayandırıb. Ölkədə Nazarbayev Universiteti yaradılıb, xaricdə təhsil almış tələbələrdən ibarət xaricidilli pedaqoji kollektiv formalaşdırılıb və artıq yüksək səviyyəli bakalavrlar yetişdirilir. Təklifimizi vaxtaşırı səsləndirsək və gündəmdə saxlasaq da, çox təəssüf ki, birinci proqram dövründə bakalavrların xaricə göndərilməsi davam etdirildi. Sonuncu statistika göstərir ki, proqram çərçivəsində maliyyələşdirilənlərin 40 faizə yaxını bakalavrlardır".

Qalib Toğrul: "Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalıdır"

Bəs yeni proqramda nələr dəyişməlidir? Ekspertin fikrincə, özəlliklə müxtəlif istiqamətlərdə pedaqoji kadrların hazırlanmasına diqqət yetirilməlidir: "Bu, indiki böhran dövründə bizi xeyli əlavə xərcdən azad edər, yüksəkixtisaslı bakalavr kadrlarının hazırlanmasına təkan verərdi. İkincisi, humanitar ixtisaslar üzrə xaricdə təhsilin maliyyələşdirilməsinə son qoyulmalı və ya onların payı minimuma endirilməlidir. Texniki və tibb ixtisasları üzrə göndərilənlərin sayı artırılmalı, bütün hallarda üstünlük onlara verilməlidir. Daha sonra xaricə göndərilənlərlə bağlı tələblər sərtləşdirilməli, sənəd qəbulu sadələşdirilməlidir. Tələblərin sərtləşdirilməsi deyərkən, TOEFL, IELTS üzrə xarici biliklərin qiymətləndirilmə səviyyələrinin yüksəldilməsini nəzərdə tuturam. Eyni zamanda, düşünürəm ki, xaricə göndərilən tələbələrin ana dillərini hansı səviyyədə bilmələri də dəyərləndirilməli və bundan ötrü də ayrıca səviyyə müəyyənləşdirilməlidir".

Q.Toğrulun fikrincə, proqram çərçivəsində ayrı-ayrı layihələr icra olunmalıdır: "Birini deyim. Siz bilirsiniz ki, adətən, mühəndis-texniki fənləri seçən tələbələrin xarici dil bilikləri zəif olur. Ona görə də proqrama qəbul zamanı onların texniki bilikləri qiymətləndirilməli, xarici dil bilikləri seçim meyarı olmamalıdır. Belə tələbələrə münasibətdə "6+6" tipli layihədən yararlanmaq olar. Texniki ixtisaslar üzrə xaricdə təhsil hüququ qazanmış tələbələr 6 ay Azərbaycanda, qalan 6 ay da xaricdə təhsil alacağı dili öyrənə bilər. Mühəndis-texniki, tibb və pedaqogika üzrə xüsusi ixtisasartırma təcrübə proqramlarını müxtəlif formatlarda və genişləndirilmiş şəkildə də tətbiq etmək olar. Universitetlər siyahısına da hər il yenidən baxılmalı, öz ölkəsinin 20-liyində və THE (Times Higher Education), ARWU (The Academic Ranking of World Universities) kimi beynəlxalq reytinqlərin ilk 200-ü sırasında olan ali təhsil ocaqları siyahıda saxlanmalıdır. Bizdə universitetlərin siyahısına hər il baxılır, ancaq meyar bilinmir. Bundan başqa, hər il açıqlanan və öncəlik tanınan ixtisaslarda birmənalı şəkildə texniki ixtisaslara üstünlük verilməli, absurd təcrübədən - hazırda tətbiq olunan 1-ci və 2-ci dərəcəli ixtisas istiqamətlərindən imtina olunmalıdır".

"İlk 4 ildə proqramın idarə olunması sahəsində qeyri-şəffaflıq hakim olub"

Yeni proqramın necə yönəldiləcəyi də sual doğurur. İTM rəhbəri sözügedən proqram çərçivəsində hansı tələbələrin xaricə göndərilməsində son söz sahibi olan qurumun - Prezident yanında Təhsil Komissiyasının ləğv edildiyini yada salır. Həmin komissiya yalnız göndəriləcək tələbə siyahısının təsdiqində deyil, hər il universitetlərin, üstün istiqamətlərin qəbulunda, hətta proqramdan kənarlaşdırılacaq tələbələrlə bağlı son qərarın verilməsində ayrıca səlahiyyətlərə malik olub: "Artıq komissiya yoxdur. Ümumiyyətlə, çox yaxşı olardı ki, xüsusi publik hüquqi şəxs yaradılsın və Dövlət Proqramının idarə olunması ilə bağlı bütün səlahiyyətlər bu qurumun əlində cəmləşdirilsin".

Birinci proqramın icrasına gəlincə, Q.Toğrul hesab edir ki, ilk 4 ildə onun idarə olunması sahəsində qeyri-şəffaflıq hakim olub: "Yalnız İTM-in gerçəkləşdirdiyi - ölkənin 5 əsas universitetini əhatə edən maarifləndirmə və Dövlət Proqramının xüsusi monitorinqi layihəsindən sonra Təhsil Nazirliyi müəyyən hesabatlar açıqlamağa və prosesi nisbətən şəffaf aparmağa məcbur qalıb. Fəxrlə xatırlayıram ki, həmin illərdə proqram çərçivəsində xaricdə təhsil almaq istəyən yüzlərlə tələbə məsləhət almaq üçün ümid yeri kimi məhz bizə üz tuturdu. Nazirlikdə rəhbərlik dəyişdikdən sonra yaxşılığa doğru xeyli dəyişikliklər oldu. Buna sevinir və düşünürəm ki, 2007-2015-ci illərdə, nəzərdə tutulan sayda - 5 min gənc xaricə göndərilməsə də, mühüm işlər görülüb. İndi növbəti keyfiyyət mərhələsinə qədəm qoymağın vaxtıdır" - deyə ekspert bildirib.

bizimyol.info