Nazirlikdən mobil telefon satanlara - Xəbərdarlıq

20 Aprel 2016 11:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri qeydiyyata alınmış mobil cihazların satışı təşkil olunmalıdır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, satış məntəqələrində olan bütün mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilməlidir.

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan mobil cihazların sertifikatla təmin olunub-olunmaması, eyni zamanda onların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanılacaq, sertifikatsız, həmçinin IMEI nömrələrini qeydiyyata almadan mobil cihazların satışını təşkil edən fiziki və hüquqi şəxslərə qarşı mövcud qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin qeydiyyatda olmasını www.imei.az, www.e-gov.az saytlarına daxil olmaqla, IMEI nömrəsini yazaraq "1677" qısa nömrəsinə SMS göndərməklə və ya "1677" məlumat mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Mobil telefon cihazından *#06# yığmaqla həmin cihazın IMEI nömrəsini müəyyən etmək olar.