İcra başçısı nişanlı qızın axtarışları üçün - Göstəriş verdi

20 Aprel 2016 12:41 (UTC+04:00)

Rayonun Ramazan Əliyev adına Barlı kənd orta məktəbinin 9-cu sinif şagiridi Güldanə Vaqif qızı Tağıyeva aprelin 19-da günorta saatlarında məktəbdən çıxıb və evə qayıtmayıb. Məktəbli qızın valideynləri onu bir neçə saat axtarsalar da, tapa bilməyiblər və sonra Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər.

Quba RPŞ-nin əməkdaşları G.Tağıyevanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirib. Lakin G.Tağıyevanı hələ də tapmaq mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub olub ki, sakinlər G.Tağıyevanı sonuncu dəfə Samur-Abşeron su kanalının yaxınlığında görüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu Samur-Abşeron kanalında axtarışlara başlayıb. Su kanalında axtarışlar nəticə vermədiyi üçün icra başçısı Y.Məmmədov kanalın suyunun kəsilməsi barədə göstəriş verib.

Qeyd edək ki, 15 yaşlı Güldanə Tağıyevanın nişanlı olduğu bildirilir.

Report.az