Tələbə köçürmələri - Elektron qaydada olacaq

20 Aprel 2016 16:27 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, tələbələrin elektron köçürülməsi zamanı məlum meyarlarda köklü dəyişikliklər etmək nəzərdə tutulmur. Onun sözlərinə görə, cüzi dəyişikliklərin olacağı istisna edilmir: "Burada söhbət kordinal dəyişikliklərdən getmir. Tələbə köçürmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Prosesin elektronlaşdırılması tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülməklə, onların ixtisaslarının uyğunluğunu saxlamaqla, prosesin daha da şəffaf olması üçün bu istiqamətdə atılacaq növbəti addımdır".

M.Cabbarov əlavə edib ki, bir neçə il əvvəl bu sahədə qeyri-şəffaf hallara, çətinliklərə rast gəlinirdi. Onun sözlərinə görə, bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu: "Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet- təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platforma üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın aylarda yekunlaşacaq".

APA.az