Dövlət İmtahan Mərkəzinə yeni - Təyinat

22 Aprel 2016 15:34 (UTC+04:00)

Bu barədə DİM-dən məlumat verilib.

İclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə əlaqədar olaraq bir sıra məsələlər müzakirə olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın struktur vahidlərinin birləşdirilməsi, optimal idarəetmə strukturunun formalaşdırılması, qurumlar arasında texnoloji proseslərin və məlumat bazalarının əlaqələndirilməsi və s. işlərin hayata keçirilməsi üçün icraçı direktor vəzifəsinin təsis olunması və bu vəzifəyə Vəfadar Misirovun təyin olunması məqsədəmüvafiq hesab olunub.

Bundan əlavə, iclasda 2016-cı il aprel ayında ümumtəhsil məktəblərinin 7, 8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları müzakirə olunub. Həmçinin Direktorlar Şurasının üzvlərinə bu il mayın 1-də keçiriləcək rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili və Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçimi üçün keçiriləcək test imtahanları barədə məlumat verilmiş və şura üzvlərinə müvafiq imtahanlarla bağlı texnoloji proseslərin istənilən mərhələsində iştirak etmək təklif olunub.

Son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bununla bağlı ictimaiyyət məlumatlandırılıb, saxta səhifələrin adminlərinə xəbərdarlıq olunub.

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının, eləcə də Facebook səhifəsinin istifadəyə verilməsi və hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin saytda və səhifədə yerləşdirilməsi qərara alınıb.

Report.az