“Ermənistan ağılsız addım atsa, bir ölkə kimi yer üzündən silinər” - Hərbi ekspert

23 Aprel 2016 09:32 (UTC+04:00)
Hərbi ekspert, "Azeridefence" hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov bu fikirləri düşmən ölkənin son hədələri barədə "Yeni Müsavat"a danışarkən bildirdi. Onun sözlərinə görə, cavab olaraq strateji, həyati əhəmiyyətli mülki obyektlərə zərbələrin endirilməsi üçün qərarı qəbul edən adam gərək başıxarab olsun, öz ölkəsinin gələcəyini belə düşünməsin: "Belə bir hadisə baş verərsə, Ermənistan öz məhvinə qərar vermiş olacaq. Nəinki Qarabağ istiqamətindən, həm də Naxçıvandan Ermənistan Respublikasındakı bütün hərbi və mülki, strateji əhəmiyyət daşıyan obyektlərinin dəqiq və böyük dağıdıcı gücə malik silahlarla məhv edilməsi gerçəkləşəcək".

Hərbi ekspert işğalçı ölkənin hərbi infrastrukturuna diqqət yetirməyi vacib sayır: "Birinci baxaq görək, Ermənistanın əlində strateji obyektləri vurmaq üçün hansı silahlar var: R-17 "Scud-B" taktik ballistik raketdir ki, sovet ordusundan qalıb. Mənzili 300 km-ə qədərdir, kerosin yanacaqla işləyir və 1964-cü ildən istehsal olunur. İran-İraq, Əfqanıstandakı vətəndaş müharibəsi, son olaraq Liviyada, Suriyada və Yəməndə gedən döyüşlərdə istifadə edilib. Onun dəqiqliyi azdır. Hansı ki, Liviyada atılan hədəfləri vura bilməmişdi. Yəməndən atılan raketlərin bir neçəsini Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi hədəfə çatmadan məhv edib".

R.Süleymanov qeyd etdi ki, Ermənistanın əlində bir qismi istismar ömrünü başa vurmuş, utulizasiya olunmalı 28 ədəd "Scud"un olduğuna dair məlumatlar var: ""Scud" batareyaları Noyemberyan yaxınlığında və Gorusda yerləşir. Qarabağda "Scud" kompleksi yalnız Xankəndindəki paradlarda sərgilənib və onlar Gorusdan gətirilib, sonra isə geri qaytarılıb. Ermənistanın əlində 4 "Toçka-U" operativ-taktiki raket kompleksinin olmasına dair məlumatlar var. Bəzi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin ehtiyatı sayılan bu komplekslər də Ermənistan Respublikası ərazisindədir. "Toçka-U" kompleksinin məsafəsi 120 km-dir. Son olaraq Ukraynada və Yəməndə gedən döyüşlərdə tətbiq olunub. WM-80 və AR-1A- çin istehsalı olan uzun mənzilli reaktiv yaylım atəş sistemi. Ermənistanın əlində 8 ədəd WM-80 və 6 ədəd AR-1A kompleksi mövcuddur. WM-80-in dörd maşını Qarabağda yerləşdirilib. Mənzili müvafiq olaraq 80-140 km təşkil edir. Son olaraq iki il əvvəl Ermənistan Rusiyadan əldə etdiyi 2S7 "Pion" özüyeriyən haubitsalarını təlimdə nümayiş etdirib. Atış mənzili 45-50 km təşkil edir".

Hərbi ekspertə görə, Ermənistanın hərbi rəhbərliyinin "vuraram" təhdidləri də yuxarıda qeyd olunan sistemlərə dayanır: "Lakin bu sistemlərin - reaktiv yaylım atəş sistemi və özüyeriyən haubitsalar istisna olunmaqla, digərlər ikisinin - "Scud-B" və "Toçka-U" raket atışlarının qarşısının alınması üçün Azərbaycanın hava hücumundan müdafiə sisteminin bütün imkanları mövcuddur. Ermənilərin bu sistemlərinin bütün bazaları və çıxış məntəqələri nəzarət altında saxlanılır və onların startdan qısa müddət ərzində havada və ya çıxış rayonunda preventiv zərbələrlə məhv edilməsi mümkündür. Qeyd edək ki, Mingəçevir SES və su anbarının hava zərbələrindən müdafiəsinə hələ SSRİ dövründən xüsusi diqqət yetirilib. Eləcə də Səngəçal rezervuarlarının, dənizdəki neft platformalarınadək hava hücumundan müdafiəsi ən yüksək səviyyədə və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir. Bütün bu təhdidləri nəzərə alan Azərbaycan 2005-ci ildən "başdanxarab addımların" acı nəticəsi ilə üzləşməmək üçün HHM sistemini əhəmiyyətli şəkildə modernizə edib. Yeni sistemlərin alınması, silahlanmaya qəbulu ilə yanaşı, keçmişdən qalan HHM sistemləri, zenit-raket kompleksləri əsaslı şəkildə modernizasiya olunub. Müdafiə Nazirliyinin yaydığı məlumatlarda da mütəmadi olaraq keçirilən təlimlərdə düşmənin bu və digər təhdidlərinin önlənməsi ssenarilərinin nəzərdən keçirildiyini görmək olur. Bu gün bir faktı qeyd etmək kifayət edər ki, Azərbaycanın HHM sistemi 1000 km-dək məsafədə hədəfləri aşkarlamağa, 5 metrdən 250 km-dək mənzildə, 5 metrdən 30000 metrədək yüksəklikdəki bütün təhdidləri məhv etməyə imkan verən müasir sistemlərlə təchiz olunub. O ki qaldı Azərbaycanın düşmənin cəbhənin dərinliyindəki strateji hədəflərinə zərbə endirmək üçün imkanının olub-olmamasına, bunun üçün Azərbaycanın əlində daha güclü, dəqiqliyi yüksək, dağıdıcı qüvvəsi böyük raket və zərbə aparatları mövcuddur. Hansıların ki, məsafəsi 700-1000 km civarındadır".

R.Süleymanov düşmənin acınacaqlı sonluğunu gətirə biləcək məqamlara da toxundu: "Qarabağdakı düşmən qüvvələrini sıradan çıxarmaq, onları əsas qüvvələrdən təcrid etmək üçün Ermənistan və Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə və Zod-Ağdərə yoluna iki üç tutarlı zərbə endirmək yetərlidir. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun imkanları oradan nəinki Ermənistan qüvvələrinə arxadan, hətta muxtar respublikadan cəmi 80 km məsafədə yerləşən İrəvana dağıdıcı zərbələr endirməyə kifayət edir. Bunun qarşılığında ermənilərin Qarabağdakı HHM sisteminin mümkün qarşıdurmasına gəlincə, onların Qarabağda hazırda HHM-ə S-125, "Kub", "Kruq", "Osa" və kiçik döyüş radiusuna malik "Strela-10" sistemləri daxildir. Xankəndi yaxınlığında S-300 kompleksləri üçün çıxış mövqeyi yaradılsa da ermənilər bu kompleksləri Ermənistanda saxlayır, yalnız nümayiş üçün bölgəyə gətirirlər. Yəni Qarabağda S-300 mövcud deyil. Ermənistanın Qarabağdakı HHM sistemi 4 günlük müharibədə özünü demək olar ki, doğrulda bilmədi. Onların özlərinin müdafiənin ikinci eşelonuna zərbə endirən Azərbaycana məxsus Mi-24 helikopterinin RPQ-7 qumbaraatanından açılan atəşlə vurulmasını etiraf etməsi hər şeyi deyir. Digər tərəfdən, Qarabağdakı HHM sistemi güclü olsaydı, o zaman Azərbaycana məxsus kamikadze PUA-lar Xankəndi şəhərinin qısa məsafəsində yerləşən aeroporta zərbə endirə bilməzdi. Bütün bunlardan gəlinən nəticə: Ermənilərin açıqlamaları - bütün hallarda bu millətin xislətinə bələd olduğumuzdan heç zaman nəzərdən kənarda saxlamaq, tədbirsizlik olmaz - yalnız hədələrə və öz daxillərində ruhu qaldırmağa hesablanıb. Ermənilərin hər hansı bir belə səfeh addımı Azərbaycana Ermənistanla birdəfəlik haqq hesab çəkməyə və Cənubi Qafqazı bu xəstəlikdən xilas etməyə əvəzsiz imkan verəcək. Ermənilər bunu yaxşı bilir və belə bir səhv addımla Ermənistanı minanın üstündə əyləşdirməzlər".

musavat.com