“Dövlətin ayırdığı 5 milyon kimin cibinə gedib?”- QALMAQAL

15 Noyabr 2012 12:02 (UTC+04:00)


Yaxın vaxtlarda Azərbaycanda milli serialların çəkilməsi üçün növbəti maliyyə vəsaiti ayrılması gözlənilir. Bu açıqlama ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzNews.az-da çıxış edib. Onun sözlərinə görə, ayrılacaq vəsait hesabına nəzərdə tutulan vaxta qədər milli seriallar çəkilib, tamaşaçılara nümayiş etdirməlidir.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə Milli Teleradio Şurası serialların çəkilməsi üçün telekanallara indiyədək ümumilikdə 5 milyon manat vəsait ayırıb.

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev AzNews.az-a açıqlamasında milli seriallar üçün ayrılan maddi vəsaitin müəyyən şəxslər tərəfindən mənimsənildiyini dedi: "Seriallar çəkilir. Küllü miqdarda da pul buraxılır. Gəlin görək, o puldan aktyora nə verirlər? 50 manat pul, vəssalam. Özü də elə çəkirlər ki, bir seriya 50 manata başa gəlir. Bunu eşidəndə adamın əti ürpəşir. Mən bir aktyor kimi özümə nifrət edirəm. Niyə mən aktyor oldum ki, bu günə qaldım? Məni o seriallardan birinə dəvət etmişdilər. Soruşdum ki, mənə nə verəcəksiniz? Dedilər 50 manat. Baxdım belə, dedim ki, mənim qiymətim 50 manat deyil. Demirəm ki, 1000 manatdı. Yox, mən xarici ölkədəki xoşbəxt aktyorlardan deyiləm. Heç olmasa günümə 200 manat verilməlidir. Avtobusla gedib-gəlirəm, yemək pulum var. Dedilər ki, yox, biz 50 manatdan yuxarı pul vermirik. Mən də sual verirəm o pulu ayıran və bu barədə mətbuata açıqlama verən şəxsə: Əgər aktyora 50 manat verirlərsə, dövlətin ayırdığı 5 milyon manat hara və kimin cibinə gedir?"

Bahar Rüstəmli
AzNews.az