Bu gün 7-ci Qlobal Forum öz işinə başlayır - Bakıda

25 Aprel 2016 09:26 (UTC+04:00)

"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək Forumda ümumilikdə üç gün müddətində yüksək səviyyəli rəsmilərin toplantısı, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub. BMT Sivilizasiyalar Alyansının yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

BMT-nin qlobal forumunun Azərbaycan üçün hansı əhəmiyyətinin olması barəsində politoloq Qabil Hüseynli danışıb. O bildirib ki, sivilizasiyalar arasındakı dialoq və gərginliklərin aradan qaldırılması müasir dünyanın əsas problemlərindəndir:

"Çünki dini zəmində, fərqli sivilizasiyaların bir-biriləri ilə qarşıdurması nəticəsində çoxlu regional və bəzən də qlobal münaqişələr törəyir. Bunun problemlərində biri də odur ki, sivilizasiyalar arası dialoq lazım olduğu qədər həm praktiki, həm də nəzəri baxımdan işlənib, hazırlanmayıb. Bakıda bu məsələ elmi-nəzəri formada, müxtəlif sessiya və plenar iclaslarda araşdırılacaq. Doğrudur, indiyə qədər bir neçə dəfə Sivilizasiyalar Alyansının iclasları keçirilib. Lakin 7-ci forum, çox böyük bir dövrə təsadüf edir. Belə ki, Yaxın Şərqdə eyni sivilizasiyaya aid olan müxtəlif məzhəblər arasında çatışmalar baş verir. Eyni zamanda, xristian sivilizasiyanın da müdaxiləsi hiss olunur. Yaxın Şərqdə iudaizmlə xristianlıq, xristianlıqla müsəlman sivilizasiyaları arasında uzun illərdir ki, hərbi qarşıdurmalar davam edir. Bütün bu baş verənlər də məhz sivilizasiyalar arası çatışmanın bir forması kimi təqdim edilə bilər. Bakı Forumu bu məsələnin həm nəzəri, həm də praktik aspektlərini araşdırmalı və tövsiyələr hazırlamalıdır. Bunun yekun bəyannaməsi dərc edilməlidir".

Politoloq hesab edir ki, forumda Dağlıq Qarabağ probleminə də toxunulacaq: "Çünki ermənilər əksər hallarda özlərinin işğalçılıq siyasətini, guya xristian dininə və sivilizasiyasına mənsub olmaları ilə bağlayıb, bütün xristian dünyasından kömək istəyirlər. Bir çox halda isə özlərinin saxta, qondarma addımlarına, işğalçılıq siyasətlərinə müxtəlif don geyindirərək bunu, guya müsəlman sivilizasiyasının təcavüzünün nəticəsi kimi göstərməklə, beynəlxalq ictimai rəydə yalnız təsəvvürlər formalaşdırırlar. Bakıda keçirilən forumda müxtəlif sivilizasiyaların nümayəndələri, siyasiləri iştirak edəcəklər. Burada sivilizasiyalar arası toqquşmanı doğuran səbəblərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsində sivilizasiyalar arası toqquşmanın olmadığı, bunun Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olması da Azərbaycan tərəfindən dünyana çatdırılacaq. Bura gələn qonaqlar da görəcəklər ki, Azərbaycan işğala məruz qalmış bir ölkədir. Bu işğalın hər hansı bir sivilizasiya ilə heç bir əlaqəsi yoxdur. Özü də bir məqama diqqət etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi elə bir dövrdə başlamışdı ki, hər iki tərəf sosialist sivilizasiyası deyilən bir məkana daxil edilirdi. Yəni buradan da açıq şəkildə görünür ki, bunun sivilizasiyalar arası çatışmalarla heç bir əlaqəsi yoxdur. Sübuta yetiriləcək ki, bu sırf təcavüzkar niyyətlərdən qaynaqlanır".

musavat.com