“Azərbaycanlıların Paris aksiyası erməniləri şoka salıb”

15 Noyabr 2012 13:06 (UTC+04:00)
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya səfəri Avropalı azərbaycanlıların etirazı ilə qarşılanıb. Dünya Azərbaycanlıları Gənclər Birliyinin təşkilatçılığı və bir sıra təşkilatların dəstəyi ilə Fransanın paytaxtı Parisdə mitinq keçirilib.

Mitinq barədə fikirlərini bölüşən Belçika Qarabağlılar Kültür və Dayanışma Dərbəyinin (BELKAD) sədri Abbas Uçarın verdiyi məlumatda bildirilir ki, belə bir möhtəşəm mitinqin keçirilməsi Avropada yaşayan bütün türklərdə diaspor fəaliyyəti üçün stimul yaradıb: "Avropanın əksər ölkələrindən mitinqə insanlar toplanmışdı. Biz də Belçika Qarabağ və Dayanışma Dərnəyi olaraq bu aksiyaya dəstək verdik. Belçikadan 100-ə yaxın azərbaycanlını, türk qadınlar təşkilatının nümayəndələrini, balkan və bolqar türkləri diasporunun təmsilçilərini də cəlb edərək, aksiyaya getdik".

A.Uçar deyir ki, bu aksiyadan çaşqın hala düşüblər: "Sizin vasitənizlə aksiyada iştirak etmiş bütün soydaşlarımıza, dost təşkilatlara təşəkkür edirəm. Hazırda ermənilər şok vəziyyətindədirlər və əvvəllər görmədikləri, qarşılaşmadıqları durumdadırlar. Hər zaman hücumda olan ermənilər indi gözlənilməz zərbə almış durumdadırlar".

A.Uçar onu da qeyd edib ki, ötən mitinqlərdən fərqli olaraq bu dəfə Belçikada 3 dərnək təşkilatlararası koordinasiyanı gözəl qurub: "Aksiyaya koordinasiyalı şəkildə hazırlaşdıq. Bunun sayəsində yalnız Belçikadan 200-ə yaxın insan qatıldı. Güc birlikdə olsa çox işləri bu formada uğurla başa çatdırarıq. İnanıram ki, bundan sonra da bərabər və həmrəy şəkildə fəaliyyətimizi birləşdirsək, bu bizə daha çox uğur gətirəcək".

AzNews.az
Gültəkin Qəhrəmanlı