Supermarket rəhbərlərinin fırıldağı: kimi aldatmağa cəhd edirlər? - TƏHLİL

26 Aprel 2016 13:05 (UTC+04:00)

Nə qədər qəribə də olsa, problemin əsl həqiqətdə nədən ibarət olduğunu aydınlaşdırmayan bəzi iqtisadçılar və jurnalistlər dərhal bu marketlərin "müdafiəsinə" qalxdılar. Biz mətbuat səhifələrində bu məsələyə fərqli münasibət bildirdik. Təklif etdik ki, bütün maraqlı tərəflərin - İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və supermarket sahiblərinin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və birgə müzakirə ilə bu müraciətin kökündə əsl həqiqətdə nəyin dayandığı aydınlaşdırılsın. Heç şübhə yoxdur ki, müraciətin altından imza atan supermarket sahibləri problemin kökünün əlavə dəyər vergisində olmadığını hər kəsdən çox yaxşı bilirlər. Çünki bu marketlərdə əlavə dəyər vergisi onsuz da sıfır dərəcə ilə tətbiq olunur.



Bəs onda supermarket sahiblərini narahat edən nədir? Nə üçün onlar qiymətlərin yüksək olmasını və bu səbəbdən ticarət dövriyyəsinin getdikcə azaldığını əsas gətirərək, nəticə etibarilə iş yerlərinin ixtisara düşəcəyi, marketlərinin bağlanacağı ilə bağlı "həyacan təbili çalırlar"?

Öncə onu demək lazımdır ki, supermarket sahiblərinin bu müraciətində məsələ yersiz və əsassız şəkildə bu qədər şişirdilib. Onların manatın məzənnəsində baş verən kəskin dəyişikliklərdən sonra, bəzi qiymətlərin artması səbəbindən ticarət dövriyyəsinin azaldığına dair məlumatları yanlışdır - əksinə bu dövrdə həmin supermarketlərdə ticarət dövriyyəsi kifayət qədər artıb.



İkincisi, supermarketlərdə əhaliyə satılan malların qanuniliyini təsdiq edən sənədlər mövcud olduğu tədqirdə, həmən mallar üzrə ƏDV sıfır dərəcə ilə tətbiq olunur. Əgər məsələnin kökü yalnız qanuni sənədlərin mövcudluğundadırsa, onda problemi ƏDV-nin üzərinə gətirmək hansı məntiqə sığır? Belə çıxır ki, market sahibləri öz qanunsuz əməllərini başqa bir qanunsuzluqla – vergi müfəttişliyini qanunsuzluğa məcbur etməklə bağlamaq istəyirlər. Onlar başa düşməlidirlər ki, müvafiq təsdiqedici sənədləri olmayan mallara ƏDV-ni sıfır dərəcə ilə tətbiq etmək mümkün deyil və vergi xidmətini buna təhrik etmək cəhdləri yanlış bir hərəkətdir.
Əgər doğrudan da söhbət marketlərdə satılan malların qiymətlərinin yüksək olmasından gedirsə, onda bu malların son qiymətlərinə təsir edən digər qeyri-rəsmi və səmərəsiz xərclər də araşdırılmalıdır.



İlk növbədə, market sahibləri bəzi malların mağazanın piştaxtasına neçənci vasitəçi tərəfindən gəlib düşdüyünün fərqində olmalıdırlar. Bizdə olan məlumatlara görə, bəzi məhsullar 2-ci, 3-cü, bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq mağazaların piştaxtalarına gəlib düşür. Bu isə o deməkdir ki, hər vasitəçi malın qiymətinə 8-10% əlavə edir və nəticə etibarilə məhsulun qiyməti əsassız olaraq şişir.

Eyni qayda ilə məhsulun son qiymətinə digər neqativ məqamlar da az təsir etmir. Bax, məsələnin kökünü bu istiqamətlərdə araşdırmaq lazımdır. Onda, son qiymətə nəyin necə təsir etdiyi müəyyənləşəcək və market sahiblərinin bu müraciətinin nə qədər əsassız olduğu hər kəsə tam aydın olacaq.

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri
iqtisad elmləri doktoru, professor Fikrət Yusifov