Valideynlərin diqqətinə - Uşaqlar arasında yeni virus yayıldı

26 Aprel 2016 17:06 (UTC+04:00)

Pediatr Vaqif Qarayev deyib ki, son vaxtlar yayılan və mədə-bağırsaq sistemini zədələyən virusun bu forması ishal, qəbizlik, qızdırma, qusma halları ilə müşahidə edilir.

Həkim bu halda uşaqları kor-koranə, qıraqdan alınan məsləhətlərlə və internetə əsasən müalicə etməyin düzgün olmadığını vurğulayır. O, anaları bu mövzuda ehtiyatlı olmağa çağırır: "Hamı viruslara, xəstəlik törədicilərə mikrob deyir. Lakin virus ayrı bir qrupdur, bakteriya tamam başqa. Virus deyilən xəstəliktörədiciyə antibiotiklər ziyandır. Əgər mədə-bağırsağı virus zədələyibsə, antibiotik qadağandır. Çünki bağırsağın özünün florası var, yəni orada xəstəlik törədən sülh şəraitində yaşayan faktorlar var. Amma soyuqdan, xəstəliktörədicilərdən, immunitetin düşməsindən asılı olaraq, sülh şəraitində yaşayan xəstəliktörədicilər başını qaldırır və xəstəlik törədir. Virus mənşəli ishallarda antibiotik ona görə vermək olmaz ki, antibiotiklər floranı daha da pozur. Hansı dərmanın lazım olduğunu mütləq həkim deməlidir. Onun virus və ya bakterial mənşəli olduğunu həkim daha yaxşı bilir. Bakterial mənşəli mədə-bağırsaq pozuntularında isə antibiotik vacibdir. Amma 90 faizi hallarda antibiotik olmaz. Həkim yalnız ishalın səbəbini laborator müayinədə aşkar etdikdən sonra qərar verə bilər ki, antibiotik lazımdır, ya yox".

Valideynlər kiçik yaşlı uşaqların qusma hallarına da biganə yanaşmamalıdırlar. Xüsusən də qusma davamlıdırsa, deməli, bunun arxasında ciddi sağlamlıq problemi dayanır. Bu halda aptekə gedib satıcı ilə məsləhətləşmək yox, təcili həkimə müraciət etmək lazımdır: "Gənc analar aptekdəki satıcıya uşağın ishal olduğunu deyirlər və dərman almaq istəyirlər. Satıcı da üç antibiotik verir, deyir üçü də yaxşıdır. Çox parodoksal vəziyyətdir ki, əksər hallarda həkimin yazdığı dərmanı yox, satıcının təklif etdiyi dərmanı alırlar. Bu, bir bəladır. Kiçik yaşlı uşaqlarda davamlı qusma və ishal halları orqanizmdə maye itkisi təhlükəsi yaradır. Bununsa fəsadları böyükdür. Ona görə mütləq həkimə müraciət edilməlidir. Özfəaliyyətlə kiçik yaşlı uşaqların mədə-bağırsaq pozğunluğu ilə mübarizə aparmaq olmaz".

Valideynlərə məsləhət

Həkim ilk növbədə gigiyenik qaydalara riayət etməyi tapşırır. Bağça və ibtidai sinif yaşında olan uşaqlara gigiyenik vərdişlər aşılanmalıdır. Hətta bağça yaşından bunu təbliğ etmək lazımdır: "Bağçada gigiyenik qaydalara əməl edilib-edilməməsi məlum deyil. Bağçada uşaqlar bir-birinin geyimlərinə, əşyalarına toxunur və bu halda özünü yoluxdurma şansı yüksəkdir. Gigiyenik qaydalardan sonra düzgün qidalanma mütləqdir. Təkcə bizdə yox, bütün dünyada gigiyenik qaydalara maksimal əməl olunmalıdır. Mütləq təbii qidalarla qidalanmaq lazımdır. Evdə hazırlanmış və təbii qidalardan istifadə edilməlidir. Şirə, kompot, kulinariya məmulatlarını analar özləri evdə hazırlaya bilərlər. Qidalanma mütləq düzgün olmalıdır və təbii vasitələrdən hazırlanmalıdır".

Lent.az