Erməni generallar vəzifədən niyə qovuldu?

27 Aprel 2016 09:17 (UTC+04:00)

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov Ermənistan prezidenti Serj Sarkisyanın generalları və Müdafiə Nazirliyinin bir neçə yüksək rütbəli zabitlərini ordudan qovmasının səbəblərini şərh edərkən deyib.



M.Cahangirovun fikrincə, erməni generallarının ordudan qovulması elə Ermənistanın son hərbi əməliyyatlarda məğlub olmasının etirafıdır: "Mənə belə gəlir ki, bunu istənilən prezident belə edərdi. Çünki o boyda biabırçılıqdan sonra o da bizim kimi hamıya layiqli qiymətini verib onlara təşəkkür elan etməyəcəkdi ki?! Ermənilər üçün vacib olan o cür mövqeləri əldən vermək elə bilirsiniz ki, asan işdir? Son hərbi əməliyyatlar onlar üçün ciddi mesaj oldu. Bundan sonra ermənilər başa düşdülər ki, onlar artıq müharibənin ikinci mərhələsini uduzublar. Əgər onlar bir də özbaşınalıq etsələr, təxribatlar törətsələr, nəinki işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların əldən getməsi, hətta Ermənistanın bir dövlət olaraq yox olması təhlükəsi yarana bilər".

Onun sözlərinə görə, bu cür davam edən vəziyyət artıq erməniləri də bezdirib: "Baxın, ermənilər nə qədər Azərbaycan ərazilərini, yaşayış məntəqələrini atəşə tutsalar da, bizimkilərin bir mitinqinə və ya camaatın etirazına rast gəlmək, eşitmək olarmı? Bu, mümkün olan iş deyil. Amma görün onlarda mərkəzi şəhərlərdə, elə İrəvanın özündə nələr baş verir. Panikaya indi kim düşür, onlar, yoxsa biz?! Erməni ictimaiyyətinin özü də vəziyyətin bu cür davam etməsindən bezib".

Hərbi ekspert Ermənistanın Azərbaycana qarşı döyüşmək üçün dünyanın müxtəlif ölkələrindən terrorçuların, eləcə də Rusiya vətəndaşı olan erməni əsilli hərbçilərin, general və zabitlərin, həmçinin yaşlı insanların, qadınların könüllü qismində Dağlıq Qarabağa ordu sıralarına cəlb etməsinə də münasibət bildirib: "Bu, onu göstərir ki, onların artıq başqa əlacları qalmayıb. Neyləsinlər? Özlərinin yüksək rütbəli zabitindən tutmuş əsgərinədək hamısı qorxudan altına batırıb. İndi onların yerinə nəsə eləməlidirlər, ya yox? Amma oradan-buradan terrorçuların, hərbçilərin, könüllülərin cəlb edilməsinin Ermənistana xeyir verəcəyinə inanmıram. Dünyanın hansı yerindən gəlmələrindən asılı olmayaraq, artıq prosesin qarşısını almaq mümkün olmayacaq və onlar uğursuzluğa düçar olacaqlar".

Milli.az