Azərbaycan XİN rəhbəri beynəlxalq təşkilatlara - Məktub göndərdi

27 Aprel 2016 14:03 (UTC+04:00)

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Gi Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb.

Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycanın BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatların verildiyini deyən H. Hacıyev bildirib ki, Elmar Məmmədyarovun ünvanladığı məktublarda, BMT və ATƏT yanındakı nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib.

"Məktubda nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququnun norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəslə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb", - deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.