MTRŞ: Efir toyxanadan, aparıcı “tamada”dan seçilməlidir

27 Aprel 2016 15:58 (UTC+04:00)

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, verilişin son buraxılışlarda yenə də ictimaiyyət arasında daha çox toy biznesinin nümayəndələri kimi tanınan müğənnilərin iştirakı ilə toyxana mahnılarından ibarət veriliş formatına keçid müşahidə olunur: "Düzdür, verilişdə həmin müğənnilərin ifasında hərdən muğam da eşitmək mümkündür. Amma bir neçə veriliş öncəyədək veriliş daha çox ciddi incəsənət xadimlərinə, onların yaradıcılığına həsr olunurdu. Azərbaycan milli efirində çal-çağır verilişləri az deyil. Lakin əvvəllər "Sevimli şou", indi isə "Sevimli mahnı" get-gedə digər verilişlərdən fərqlənir".

Şöbə müdiri qeyd edib ki, yayımçılar yaradıcılıq fəaliyyətində müstəqil olsalar da, televiziya efiri toyxanadan, aparıcı "tamada"dan seçilməlidir: "Milli efirimiz öz kübarlığını itirməməlidir. Verilişlər yalnız reytinq toplamaq, kommersiya məqsədilə deyil, həmçinin maarifçilik prinsipləri nəzərə alınmaqla hazırlanmalıdır. Bunlar şablon ifadələr deyil. Real mənzərədir. Şouların səviyyəsi yüksəldilməlidir. Onsuz da müəyyən kateqoriya tamaşaçı şouya baxmağa meyllidir. Çalışıb onu yerli şoulara cəlb etməliyik. Yoxsa o, xarici kanallara meyllənəcək. İndi kimi dindirirsən, deyir xarici yayımçılara baxıram. Burada əvvəllər də deyildiyi kimi, yerli yayımçılar, onların bəzi zəif verilişləri mühüm rol oynayır. Hesab etmək olar ki, səviyyəli şou hazırlamaqla daha çox da qazanc, reytinq əldə etmək olar, nəinki aşağı səviyyəli verilişlə. Yayımçılar işə peşəkarları cəlb etməli, veriliş aparıcıları, yaradıcı heyət qarşısında tələbləri artırmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli şou" verilişi bağlanıb. M. Güləddinoğlu hazırda "Sevimli mahnı" verilişinin aparıcısıdır.