DİN-dən Avtovağzalda döyüldüyünü deyən əlillə bağlı - Açıqlama

27 Aprel 2016 16:45 (UTC+04:00)


Nazirliyin sözçüsü Orxan Mansurzadə AzNews.az-a açıqlamasında Amil Rzayevin döyülməsi və polis əməkdaşlarının ondan pul istəmələri barədə iddialarının əsassız və aşkar şantaj xarakterli olduğunu bildirib: "Söylədiklərinin əksinə olaraq, Bakı Beynəlxalq Avtovağzalının ərazisində taksi fəaliyyəti ilə məşğul olan bu şəxs özü-özünə problemlər yaradır və haqqında danışdığı həmin məsələdə də günahkar məhz A.Rzayevdir. Sözügedən ərazidə taksi fəaliyyəti ilə məşğul olan çoxsaylı sürücülərdən biri olan A.Rzayev idarə etdiyi avtomaşınla hər dəfə Beynəlxalq Avtovağzalın ödənişli dayanacağına müəyyən edilmiş qaydada müvafiq ödəniş etmədən daxil olur, öz xidməti vəzifələrini yerinə yetirən nəzarətçilərin bununla bağlı xatırlatmalarına və qanuni tələblərinə adətən Avtovağzal rəhbərliyinin, nəzarət buraxılış məntəqəsinin işçilərinin ünvanlarına təhqiramiz fikirlər, nalayiq ifadələr səsləndirməklə cavab verir. Onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri isə nəqliyyatın sıx, hərəkətin intensivliyinin gur olduğu adıçəkilən məkanda süni şəkildə tıxac yaradır.

Məhz elə belə hərəkətlərinə görə cari il aprelin 25-də Sulutəpə qəsəbəsində yaşayan Paşa Səlimov Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək Bakı Beynəlxalq Avtovağzalının nəzarət-buraxılış məntəqəsində xidməti vəzifəsini yerinə yetirərkən "Şevrolet" markalı AZ 99 EN 245 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olan Amil adlı bir nəfər tərəfindən mütəmadi olaraq təhqirə məruz qaldığını bildirib, həmin şəxs barəsində qanuni ölçü götürülməsini xahiş edib.

Şikayət ərizəsi araşdırılması üçün 40-cı PB-nin sahə inspektoru, polis mayoru Azər Əliyevə həvalə edilib. Materialla əlaqədar şahid qismində izahatlar alınıb, Bakı Beynəlxalq Avtovağzalının nəzarət buraxılış məntəqəsinin bütün nəzarətçiləri eyni məzmunlu izahatlar verərək iş yoldaşları P.Səlimovun göstərdiyi xüsusatları tam təsdiq ediblər.

Şikayət ərizəsi ilə əlaqədar izahat alınması üçün polis sahə məntəqəsinə dəvət olunan Amil Rzayev bundan nümayişkaranə şəkildə imtina edib. O, sahə inspektorunun və avtovağzalın nəzarət-buraxılış məntəqəsinin işçilərinin qarşısında da yenidən şikayətçi və Avtovağzal rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib, qanun keşikçisini şərləyəcəyini deyərək DİN-in "102" Zəng Mərkəzinə böhtan xarakterli məlumat verib. Bununla bağlı sahə inspektoru tərəfindən hal şahidlərinin iştirakı ilə müvafiq akt və arayış tərtib olunaraq materiala əlavə olunub. Hazırda faktla bağlı araşdırma davam etdirilir".

Xatırladaq ki, Qarabağ əlili olan Amil Rzayev AzNews.az-a müraciət edərək Bakı Beynəlxaql Avtovağzalı ərazisində döyüldüyünü bildirib. Onun sözlərinə görə, döyülməsinə səbəb Beynəlxalq Avtovağzala girmək üçün qeyri-qanuni tələb olunan 1 manatı verməməsinə etiraz etməsi olub. Məsələ ilə bağlı geniş məlumatı BURADAN oxuya bilərsiniz.