Deputatın “Rusiya meylli” açıqlamasına politoloqdan sərt - Cavab

27 Aprel 2016 18:02 (UTC+04:00)

O, bəzi media orqanlarının və politoloqların bu məsələdə əsassız yerə Rusiyanın adını hallandırdığını bildirib: "Bizim siyasətçilərimiz, politoloqlarımız, mediamız əsasızsız yerə, bəzən Rusiyanın bir televiziyasında gördüyü mövqeyə görə, mənbəyini araşdırmadan, oradakı ermənilərin iştirak payını ölçmədən, elə 90-cı illərin beyni və reallıqlarıyla Rusiyanı ittiham etməsinlər. Hazırki dövrdə biz bilməliyik ki, Qərbin qoşunları Qafqazda yoxdur. Əsas qüvvə Rusiyadır".

Millət vəkilinin bu fikirlərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu AzNews.az-a deyib ki, o, Rusiyanın regional siyasətini analiz edərkən ayrı-ayrı rusiyalı ekspertlərin və ya emənipərəst mərkəz və qüvvələrin sözlərindən daha çox Kremldən verilən açıqlamalara və atılan addımlara istinad edir: "Yəni, açıqlamalarda bəzi nüanslara diqqət edirik ki, görək Rusiyanın siyasəti Cənubi Qazqazın, o cümlədən Azərbaycanın maraqlarına uyğundur, ya yox... Mən Rusiyanın hər hansı bir televiziyasından hansısa verilişə baxıb ona görə nəticə çıxartmıram. Rusiyada ermənipərəst politoloqlar çoxdur. Bundan əlavə ermənilərin mövqeyindən çıxış edən siyasətçilər də az deyil. Ancaq mən yenə də Rusiya hakimiyyətinin yürütdüyü siyasətdən və siyasətçilərin verdiyi açıqlamalardan çıxış edirəm. Açıqlamalar və onların siyasəti isə göz qabağındadır. Rusiya Ermənistana təsir etmək istəmir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları ilkin şərt irəli sürmədən boşaltsın. Mənim üçün əsas budur, qalanları detaldır. Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı onun açıqlamalarından hansı biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maraqdan irəli gəlirdi? Məncə, heç biri. O, İrəvanda dedi ki, Kazan prinsiplərini Ermənistan rədd etməyib, başqa sözlə Azərbaycan rədd edib. Halbuki, biz bütün prinsipləri rədd etməmişik, yalnız həmin təkliflərdə yeganə olaraq statusun müəyyənləşməsinin sonrakı mərhələyə saxlanılmasını istəmişik. Lavrov daha sonra dedi ki, cəbhə bölgəsində insidentləri araşdırmaq lazımdır. Bu da bizim əleyhimizədir".

E.Şahinoğlu torpaqlar işğal altında olduğu müddətdə insidentlərin araşdırılmasının bizim üçün məqbul olmadığı qənaətindədir: "İşğalçılar Azərbaycan ordusunun təzyiqini hiss etməlidir, Rusiya hakimiyyəti isə istəyir ki, biz snayperləri və ağır texnikanı xeyli arxaya çəkib işğalı sadəcə seyr edək. Və ya Lavrov, o cümlədən Rusiyanın baş naziri Dmitri Medvedyev günlərdir deyir ki, guya cəbhə bölgəsindəki gərginliyin arxasında Türkiyə dayanır. Başqa sözlə guya, Türkiyə müharibəni qızışdırır. Bu da ağ yalandır. Kreml rəsmiləri Türkiyəni niyə tənqid edirlər? Çünki Türkiyənin rəsmiləri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan deyir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Ankara Azərbaycana hər cür dəstək verməyə hazırdır. Bu açıqlamalar Kremlin xoşuna gəlmir. Bizim isə Kremlin buna verdiyi reaksiya xoşumuza gəlmir. Demək, Lavrovun və Medveyevin bu sözləri də Azərbaycanın əleyhinədir".

Politoloq hesab edir ki, bütün bunlar varkən Rusiyanın siyasətinin Azərbaycanın marağına uyğun olduğunu demək mümkünsüzdür: "Bu açıqlamaları Rusiyanın hər hansı politoloqu və ya sıradan bir siyasətçisi, yaxud da hər hansı partiya sədri deyil, Rusiyanın baş və xarici işlər nazirləri dilə gətirirlər. Elə buna əsaslanıb deyirəm ki, indiki mərhələdə Rusiya Qarabağ müharibəsinin ədalətli həllinə ciddi maraq göstərmir".

Bahar RÜSTƏMLİ
AzNews.az