“Qarabağdan rədd olub getsinlər” - Yaqub Mahmudov qəzəbləndi

27 Aprel 2016 20:23 (UTC+04:00)

Ermənistanın müxtəlif mətbuat orqanlarında iddia edilir ki, AMEA Tarix İnstitutu Rusiya və Gürcüstana qarşı ərazi iddiaları irəli sürür. Ermənilər təhqirdən belə yan keçməyiblər, saytlarda AMEA Tarix İnstitutunun loqosunun yanında qoyun fotosu yerləşdirilib.

Qeyd edək ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov "AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri" mövzusunda çıxışı zamanı bildirib ki, orta məktəblərin tarix dərslikləri dəyişilməlidir: "Eyni zamanda ilk mənbələr öyrənilməlidir. Xaricdə Azərbaycana məxsus xeyli sayda materialları nəşr etməliyik. Dərbəndin, Borçalının tarixi yenidən öyrənilməlidir. Azərbaycan tarix elmində yasaq olunmuş problemlər var. Bu gün doktorluq dissertasiyalarında Azərbaycan ərazisi deyərkən Sovet İttifaqının tərkibindəki Azərbaycan ərazisi nəzərdə tutulur.

Başqa ölkələrə qarşı ərazi iddialarımız yoxdur, amma bizim tarixi torpaqlarımız var. Məhz buna görə tarix dərslikləri, akademik nəşrlər şikəst vəziyyətdədir. Biz necə ki, bu gün Füzulidən əl çəkmirik, tarixi torpaqlarımızı da unutmamalıyıq. Bir məsələni də qeyd edim ki, Vikipediyada Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur".

Y.Mahmudov qeyd edib ki, XIX-XX əsr Azərbaycan tarixi, II Dünya müharibəsi tarixi yenidən işlənib yazılmalıdır.

Erməni saytları isə Yaqub Mahmudovun "başqa ölkələrə qarşı ərazi iddialarımız yoxdur" fikrinə rəğmən yazırlar ki, Borçalı Gürcüstanın, Dərbənd isə Rusiya Federasiyasının tərkibinə daxil olan Dağıstanın ərazisidir və Azərbaycanın Milli Elmlər Akademiyası iki ölkəyə qarşı ərazi iddiaları tələbi irəli sürür.

AzNews.az xəbər verir ki, Teleqraf.com erməni saytlarında dərc edilən böhtan xarakterli yazılarla əlaqədar AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudovla əlaqə saxlayıb. Y.Mahmudov qəzəblə söyləyib ki, Tarix İnstitutunun adının üzərinə qoyun şəkli yerləşdirilib: "Erməni tarixçiləri elmlə yox, fitnəkarlıqla məşğul olurlar. Onlar şəkli qoyanda unudublar, qoç şəkli yerləşdirməli idilər, çünki donuzların ölkəsinə ancaq qoç gələ bilər. Mən Rəyasət Heyətinin iclasında Azərbaycan tarixinin aktual problemlərindən danışanda dəfələrlə qeyd eləmişəm ki, Azərbaycan dövləti dünya birliyi tərəfindən tanınan bütün dövlət və xalqların ərazilərini qəbul edir və özümüz dünya birliyi tərəfindən tanınan ərazilərin sahibiyik. Hər bir xalqın tarixi var.

Xalq olaraq azərbaycanlıların dünyada səpələndiyi yerlər var. O cümlədən Rusiya Federasiyası ərazisində Dərbənd ətrafında, Gürcüstanda Borçalıda azərbaycanlılar yaşayır. Rusiya bizim şimal qonşumuzdur, bu dövlətə qarşı heç bir ərazi iddiamız yoxdur. Ermənilər çalışır ki, Rusiya və Gürcüstanla aramızı vursunlar. Rusiya ərazisində çoxlu azərbaycanlı yaşayır, öz xalqımızın tarixini yazanda təbii ki, oradakı alimlərimiz, şairlərimiz, həkimlərimizin tarixini yazacağıq. Ermənilərdən fərqli olaraq 60 milyonuq, dünyanın hər yerində yaşayırıq, nüfuzlu şəxsiyyətlər yetişdirmişik. Əgər ABŞ-da dünya elminin korifeyi Lütfizadə yaşayırsa, onu da tariximizə daxil edəcəyik, dünyanın harasında azərbaycanlı varsa, onun tarixini yazacağıq".

Onun sözlərinə görə, Ermənistan deyilən yer isə tarixdə yoxdur: "Ermənilər iddia edir ki, guya İrəvan xanlığında Ermənistan dövləti "yaranıb". Ermənilərin orada heç bir ərazisi yox idi, tarixən o ərazilər bizim torpağımız olub. AMEA Rəyasət Heyətinin iclasındakı çıxışım isə ona yönəlmişdi ki, biz heç kəsə ərazi iddiası irəli sürmədən Azərbaycan xalqı olaraq öz tariximizi öyrənməliyik.

Erməni saxtakarları Azərbaycanla Rusiya və Gürcüstanın arasını vurmaq üçün ənənəvi fırıldağa əl atırlar. Erməni tarixçiləri və hakimiyyət dairələri çox yaxşı bilir ki, erməniləri bu torpaqlara köçürüb gətiriblər. 1827-28-ci illərdən qabaq Cənubi Qafqazda erməni yaşamayıb. Onları ruslar İrəvan xanlığının yerinə köçürüblər. 1918-ci ildə mayın 29-da beynəlxalq təzyiq nəticəsində İrəvan və ətrafındakı torpaqları, 9 min kvadrat kilometr ərazini vermişik. Biz ilk dəfə ermənilərə öz ərazimizdə öz müqəddəratını təyin etmək hüququnu tanımışıq və ilk dövləti yaradıblar.

Erməni tarixçiləri qoyun və donuz adlarını özləri götürsünlər, tarixi düzgün araşdırsalar, görəcəklər ki, 1918- ci ilin mayın 29-dan əvvəl o ərazilərdə Ermənistan "dövləti" olmayıb. Bizim torpağımızda, İrəvan xanlığının ərazisində erməni dövləti yaradıblar. Mənə cavab versinlər görək, 9 min kvadrat kilometr ərazi və qədim şəhərimiz İrəvanı vermişdik, bəs indi onlar Azərbaycan ərazisində, Qarabağda nə edirlər? Qarabağdan rədd olub getməlidirlər. Vaxtilə verdiyimiz ərazi 9 min kv kilometr olub, ondan sonra Zəngəzuru da işğal ediblər. Tarix İnstitutunun direktoru kimi tələb edirəm, onlar Zəngəzurdan da rədd olub getməli, tarixi saxtalaşdırmaqdan əl çəkməlidirlər.

Biz İrəvan, Naxçıvan, Qarabağ tarixindən yazmışıq, bir faktı bacarırlarsa, inkar etsinlər. Bu, mümkün deyil".

Y.Mahmudov əlavə edib ki, ermənilərin hər hansı ərazi iddiasına haqları yoxdur: "Onların qədim ərazisi Balkan yarımadasındadır. Onlar indiyədək onun-bunun torpağında yaşaya-yaşaya gəliblər, indi Azərbaycan ərazisində dövlət yaradandan sonra ərazimizə sahib çıxmaq istəyirlər.

Ermənilər bu gün Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiası tələbi edirlər. Ara qarışdırmaqla məşğuldurlar. Erməni tarixçiləri öz xalqını tərbiyə etsinlər, necə biz onlara torpağımızda yer vermişik, bizim hesabımıza yaşayıblar, milyonlar qazanıblar, düzgün yola gəlsinlər, Azərbaycan xalqı, türk dünyası ilə əlaqələrini bərpa eləsinlər. Bunun əvəzinə böhtan və riyakarlıqla məşğuldurlar. Həmişə onlara çörək verib yaşatmışıq, amma Azərbaycan qarşı xarici qüvvələrlə birləşiblər.

Ermənilər gərək qonşusu Azərbaycan xalqı ilə dostluq əlaqələri yaratsınlar, Gürcüstandan torpaq istəməsinlər, Qarabağdan rədd olub getsinlər. Şarl Aznavur da daxil olmaqla, ermənilərin içərisindən kimlərsə, dostluq əli uzatsalar, torpaqlarımızdan rədd olub gedəndən sonra onların dostluğunu qəbul edərik".