Bərdədən Bakıya ölü heyvan əti gətirən şəxs saxlanıldı

27 Aprel 2016 20:51 (UTC+04:00)

Aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirilib.

Reyd zamanı Bərdə rayonundan paytaxta gələn Mustafayev Ramin Fuad oğlunun idarə etdiyi "Mercedes C-230" markalı 99 FL 619 dövlət nömrə nişanlı avtomobil Qaradağ rayonunda Dövlət Yol Polisi postunda saxlanılıb və baxış keçirilib.

Baxış zamanı minik avtomobilində 140 kq miqdarında mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan heyvan cəmdəkləri aşkar olunub.

Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 6 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Bərdə rayonundan Bakı şəhərinə gətirilən ətlərin aqoniya vəziyyətində və öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması aşkar olunub.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Bərdə rayonundan gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.



Ans press