Azərbaycanlı biznesmeni güllələyənlərə - Hökm oxundu

27 Aprel 2016 22:49 (UTC+04:00)

Üç biznesmenin qətlində günahlandırılan Aleksandr Valuyev və Həbib İslam oğlu Nuriyev qardaşlarının məhkəmə prosesi sona çatıb. Onlar cəzalarını xüsusi rejimli koloniyada çəkməklə müvafiq olaraq 15 və 22 il azadlıqdan məhrum ediliblər.

Murmanskda 4 dekabr 2013-cü ildə törədilmiş üç nəfərin qətli böyük rezonans doğurmuşdu. Baş vermiş atışma zamanı həlak olan iş adamları arasında "Karina" Ticarət Mərkəzinin rəhbəri, əslən azərbaycanlı Həbib Kərimov da vardı. İstintaqın rəyincə Valuyev və Nuriyev qardaşlarının cinayəti törətməkdə məqsədi biznes aləmində öz təsir dairələrini genişləndirmək olub. Hadisə zamanı zərərçəkmişlərin ikisi aldığı güllə yaralarından yerindəcə, azərbaycanlı Kərimov isə xəstəxanada dünyasını dəyişib. "2013-cü ilin dekabrın əvvəlində əlbir olmuş şəxslər, qanunsuz şəkildə odlu silah əldə edib Murmansk bazarına gələrək zərərçəkmişlərə atəş açıblar. Bundan sonra onlar hadisə yerindən qaçaraq gizləniblər."

Bir müddət sonra qardaşları şübhəli şəxs qismində Voronejdə yaxalamaq mümkün olub və onlar Murmanska gətirilib. Hadisənin araşdırıldığı müddətdə iyirmi dəfədən çox ekspertiza müayinəsi təyin olunub, bir neçə dəfə molekulyar-genetik və kimyəvi analizlər edilib, 15-dən artıq yerdə axtarışlar aparılıb və 70 şahidin ifadəsi alınıb.


Ans press