Çayları zibilləyən şəxslər cərimələnəcək - Video

29 Aprel 2016 09:28 (UTC+04:00)

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, bu ərazilər Kommunal Müəssisələr Kombinatı və yerli əhali tərəfindən mütamadi təmizlənsə də problem həllini tam tapmayıb. Məişət tullantılarının hara gəldi atılması yayda bu çaylara çimmək üçün üz tutanları ciddi problemlərlə üz-üzə qoyur. Ötən il Şimal-qərb bölgəsi üzrə 4 nəfər fiziki şəxs məişət tullantılarını təyin olunmamış yerlərə atdığı üçün müvafiq qaydada cərimələnib. 2016-cı ilin müvafiq dövrü ərzində isə 9 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən artıq 3 cərimə faktı qeydə alınıb ki, bunlardan biri də elə Zaqatala rayon sakinidir. Ərazinin məişət tullantıları ilə çirkləndirilməsi halları əsasən gecə saatlarında baş verdiyindən aidiyyatı qurumlar məsələyə yerindəcə müdaxilə edə bilmirlər. Ətraf mühitin məişət tullantılarından qorunmasında elə yerli idarəetmə orqanı olan bələdiyyələr yaxından iştirak edir.

Təbiətimizi və çaylarımızı qorumaq elə cəmiyyət olaraq hər birimizin borcudur. Anlamalıyıq ki, biz öz əlimizlə elə özümüzü zəhərləyirik.