Ərdoğanın Bakı çıxışı niyə ixtisar edilib?

29 Aprel 2016 10:27 (UTC+04:00)

Məsələ ilə bağlı rəsmi dövlət qəzeti "Azərbaycan"ın baş redaktoru, deputat Bəxtiyar Sadıqovla danışdıq. Bəxtiyar Sadıqov öncə Türkiyə prezidentinin qeyd edildiyi şəkildə çıxışını eşitmədiyini bildirdi: "Bu tipli fikirlər sosial şəbəkələrdə bəziləri tərəfindən yerləşdirilib ki, guya cənab Ərdoğanın çıxışı ixtisar edilib. Sosial şəbəkələri bir çox hallarda ciddiyə almaq lazım deyil. Kimin ağlı necə kəsirsə, kim nəyi necə təhlil edə bilirsə, sərbəst şəkildə sosial şəbəkədə yazır. Burada heç bir qadağa yoxdur. O insanlar özləri iştirak etmədikləri tədbirdən, şəxsən eşitmədikləri nitqi təhlil edirlər. Ərdoğanın nəyi necə dediyini dəqiq bilmədən bu barədə müzakirə açırlarsa, bunu doğrudan da ciddiyə qəbul eləmək lazım deyil".

Baş redaktor məlumat verdi ki, Azərbaycan prezidenti də daxil olmaqla, prezidentlərin iştirak etdiyi o cür tədbirlərdən materialları "Azərbaycan" qəzetinə AzərTAc-Dövlət İnformasiya Agentliyi göndərir. Bu agentliyin müxbirlər qrupu tədbirdən material işlənib hazırlanır və onların hazırladıqları materialı olduğu kimi qəzetdə dərc edilir: "Yəni biz AzərTAc-dan göndərilən materialların üzərində işləmirik, onu ixtisar etmirik. Konkret olaraq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Ərdoğanın çıxışı ilə bağlı da AzərTAc-dan bizə nə gəlibsə, biz də onu dərc etmişik. Biz dünya dağılsa da o materialı ixtisar etmərik.

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi böyük əhəmiyyət daşıyan bir beynəlxalq tədbir Azərbaycanda keçirilir və BMT-nin tribunası Azərbaycanda qurulur. Bu barədə yazmaq lazımdır. Ərdoğanın və ya baş bir mötəbər iştirakçının çıxışının bütöv dərc edilib-edilməməsi kimi məsələlərdən yazmaqdansa, bu forumun Azərbaycan və dünya üçün əhəmiyyətindən yazmaq daha düzgün yanaşma olardı.

Digər tərəfdən də unutmaq lazım deyil ki, Türkiyə Azərbaycanın böyük dostudur, qardaşıdır. Rusiyanı da dost ölkə sayırıq. Bu gün bu iki dövlət arasında ziddiyyət yaranıb. Biz Türkiyə ilə Rusiya arasında ziddiyyətlərin dərinləşməsini yox, münasibətlərin normallaşmasını istəyirik. Ona görə də ziddiyyətləri dərinləşdirə bilən davranışlara yol vermirik".

B.Sadıqov vurğuladı ki, Türkiyə ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması, əməkdaşlıq səviyyəsinə qayıtması Azərbaycanın da maraqlarına uyğundur. Qarşıdurma Azərbaycana da xeyir gətirməz: "Türkiyə ilə Rusiyanın münasibətlərinin daha da gərginləşməsi istiqamətində qızışdırıcı davranışa Azərbaycan heç vaxt yol verməyib və verməz. Çünki vəziyyətin kəskinləşməsindən Azərbaycan da zərər görə bilər. Dövlətin, xalqın maraqlarını nəzərə almaq, öndə tutmaq lazımdır".

Musavat.com