“Unibank”ın işçiləri müştərini döydülər

29 Aprel 2016 11:35 (UTC+04:00)

Məlumata görə, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əhməd Hüseynov, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Müraciətdə bildirib ki, bir neçə gün öncə günorta saatlarında Əhməd Rəcəbli küçəsi 1-də yerləşən "Unibank"ın Dərnəgül filialında olan zaman bankın işçiləri tərəfindən döyülüb. Kredit problemi ilə bağlı bankın filialına müraciət edibmiş.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsindən isə bildirdilər ki, hadisə bir neçə gün bundan əvvəl qeydə alınıb. Həmin gün şikayətçi həyat yoldaşının kredit problemilə bağlı banka müraciət edibmiş.

"Unibank"la da əlaqə saxladıq. Bu barədə heç nə deyə bilməyəcəklərini söylədilər:
"Sizin müraciətinizi qeydə aldıq. Sizinlə əlaqə saxlanılacaq".

Məsələ ilə əlaqədar işi araşdıran müstəntiq Emin Çələbiyevlə əlaqə saxladıq. Müstəntiq hadisə ilə bağlı araşdırmaların davam etdiyini söylədi.

Admiral.az